20:49
21 09 2022

Azərbaycan Simulyasiya Akademiyası uğurla başa çatdı

Azərbaycan Respublikasının Gənclər Fondu, Birləşmiş Millətlər Təşkilatının Azərbaycandakı nümayəndəliyi və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının birgə təşkilatçılığı, beynəlxalq münasibətlərə, diplomatiyaya maraqlı 25 müxtəlif təhsil müəssisəsindən olan xarici və yerli tələbələrin iştirakı ilə Azərbaycan Simulyasiya Akademiyası keçirilib.


Fonddan verilən məlumata görə, 5 gün ərzində ölkəmizin dilbər guşələrindən olan Qax şəhərində təşkil olunan gələcək diplomatların yay düşərgəsinin rəsmi açılış mərasimi dövlət himninin səsləndirilməsi, ölkəmizin bütövlüyü və suverenliyi uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.

Gənclər Fondunun icraçı direktorunun müavini Qədir Xəlilov açılış nitqində iştirakçıları salamlayaraq, layihənin gələcək diplomatların formalaşmasında mühüm rol oynayacağına əmin olduğunu qeyd edib, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və şanlı ordumuzun şücaəti ilə Vətən müharibəsində qazanılmış zəfər fonunda tarixi bir dövrdə yaşadığımızı, hər bir gəncin və xüsusilə də tələbələrin qalib xalqın nümayəndələri kimi öz sahələrində daha fəal olmalarının vacibliyini vurğulayıb.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri Pərviz Mirələmli çıxışı zamanı bu kimi beynəlxalq əhəmiyyətli layihələrin təşkil olunmasının tələbələrin təcrübi bacarıqlarının formalaşmasına göstərdiyi müsbət təsirlərdən və layihənin gələcək perspektivlərindən söz açıb. Rəsmi açılış mərasimi İttifaqın layihələrlə iş üzrə meneceri Leyla Məmmədzadənin Azərbaycan Simulyasiya Akademiyası haqqında təqdimatı və sual cavab-sessiyası ilə yekunlaşıb.

Layihə ərzində iştirakçılar üçün komanda quruculuğu və şəbəkələşmə oyunları, təlimlər, seminarlar və görüşlər, o cümlədən asudə vaxtın səmərəli dəyərləndirilməsi üçün Qaxın gəzməli və görməli tarixi abidələrinə maraqlı səfərlər təşkil olunub. Gənclərin bilik və bacarıqlarını artırmaq məqsədi ilə müxtəlif günlərdə simulyasiyalar keçirilib. Tədbirin ikinci günü Birləşmiş Millətlər Təşkilatının, üçüncü günü Qoşulmama Hərəkatının, dördüncü günü isə Dünya İqtisadi Forumunun simulyasiyaları həyata keçirilib. Müxtəlif ölkələrin, beynəlxalq təşkilatların və media qurumlarının nümayəndələrini təmsil edən gənclər bir araya gələrək qlobal məsələləri müzakirə ediblər. Bunlarla yanaşı iştirakçılar böhran situasiyalarında problemlərin həll olunması istiqamətində də praktiki təcrübə əldə ediblər.

Akademiya zamanı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin Beynəlxalq təhlükəsizlik idarəsinin rəisi Yalçın Rəfiyevlə iştirakçıların görüşü baş tutub. Görüş zamanı Yalçın Rəfiyev Azərbaycanın Qoşulmama Hərəkatına rəhbərlik etdiyi dövrdəki siyasi-diplomatik aspektlər, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsi və ondan sonrakı dövr ərzində ölkə hüdudlarından kənarda yürüdülən xarici siyasət və atılan diplomatik addımlarla bağlı gənclərlə fikir mübadiləsi aparıb, onların suallarını cavablandırıb.

Tədbir iştirakçıları Azərbaycan Simulyasiya Akademiyası kimi layihələrin həyata keçirilməsinin ölkəmizi beynəlxalq sferada təmsil edəcək, haqq səsimizi obyektiv və tam şəkildə dünyaya çatdıra biləcək gənc nəslin yetişməsində mühüm əhəmiyyət kəsb etdiyini xüsusi olaraq qeyd ediblər.

NEWS FEED