Kardioloq ürəyə ən çox zərər verən qidaları açıqlayıb
Rusiyalı kardioloq Anastasiya Malay Lenta.ru-ya müsahibəsində bildirib ki, sağlam qidalanma və düzgün həyat tərzi ürək-damar xəstəliklərinin qarşısının alınmasında əsas rol oynayır. Həkim ürək üçün ən təhlükəli hesab olunan qida məhsullarını sadalayıb. Onun sözlərinə görə, ilk növbədə həddindən artıq duz qəbulu ciddi risk yaradır: “Çox duz istifadə etmək qan təzyiqini yüksəldir və bədəndə şişkinlik yaradır. İnsanlar çox vaxt duzun böyük hissəsini duzqabıdan yox, hazır məhsullardan alır — çörək, kolbasa, souslar, konservlər, yarımfabrikatlar və hətta peçenye bunun əsas mənbələridir”. Malay həmçinin şəkərin də ürək-damar sistemi üçün təhlükəli olduğunu vurğulayıb. O bildirib ki, şəkər təkcə desertlərdə deyil, çoxlarının “təhlükəsiz” hesab etdiyi qidalarda da gizlənir: “Südlü kokteyllər, hazır səhər yeməkləri, meyvəli yoqurtlar — hamısında şəkər kifayət qədərdir. Onun artıq qəbulu maddələr mübadiləsini pozur, piylənməni artırır və ürək əzələsinə yük salır, çünki tiamin çatışmazlığına səbəb olur”. Kardioloq emal edilmiş ət məhsullarına — kolbasa, sosiska və müxtəlif yarımfabrikatlara qarşı da ehtiyatlı olmağı tövsiyə edib. Onların tərkibində olan konservantlar, dadartırıcılar və stabilizatorlar ürək-damar sisteminə uzunmüddətli zərər verə bilər. Malay əlavə edib ki, trans yağlar da ürək üçün ən zərərlilər sırasındadır. Bu tip yağlar marqarində, fastfudlarda, çoxlu sayda şirniyyat çeşidlərində və müxtəlif qəlyanaltılarda olur.

Şərhlər