Bakıda müəllimə şagirdi tərəfindən güllələndi
Fevralın 6-da Bakının Binəqədi rayonunda yerləşən “İdrak” liseyində silahlı insident baş verib. İlkin məlumata görə, hadisə dərs tənəffüsü zamanı qeydə alınıb. Liseyin 10-cu sinif şagirdi atasına məxsus ov silahı ilə məktəb ərazisinə gələrək riyaziyyat müəllimi Şəhla Kamilovaya xəsarət yetirib. Dərhal hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Şübhəli şəxs saxlanılıb, ondan ov silahı götürülüb. Baş Prokurorluğun yaydığı məlumata əsasən, faktla bağlı Binəqədi Rayon Prokurorluğunda Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanıb və ibtidai istintaq aparılır. Hazırda hadisənin başvermə şəraiti və səbəblərinin dəqiqləşdirilməsi istiqamətində zəruri prosessual hərəkətlər icra olunur. Xəsarət alan müəlliməyə vaxtında ilkin tibbi yardım göstərilib, o, xəstəxanaya yerləşdirilib və müalicəsi davam etdirilir. Vəziyyəti həkimlərin nəzarəti altındadır. Məlumata görə, insidentdən sonra valideynlər övladlarını liseydən götürüblər. Lisey rəhbərliyi hadisənin ehtiyatsızlıqdan baş verdiyini bildirib. Araşdırmalar davam edir.

Şərhlər