Tramp ABŞ-nin iki qurumundan 10 milyard dollar təzminat tələb edir
ABŞ Prezidenti Donald Tramp Maliyyə Nazirliyi və Daxili Gəlir Xidməti (IRS) barədə məhkəməyə müraciət edib. O, bu qurumları şəxsi vergi məlumatlarının sızdırılmasında günahlandırır və 10 milyard dollar məbləğində təzminat istəyir. Bu barədə “Bloomberg” nəşri məlumat yayıb. Məlumata əsasən, iddia ərizəsi Mayami şəhərində yerləşən federal məhkəməyə təqdim olunub. İşdə iddiaçı tərəf kimi Trampın oğulları — kiçik Donald Tramp və Erik Tramp, eləcə də “Trump Organization” da yer alır. Bildirilir ki, şikayətin əsas səbəbi Trampın ilk prezidentlik dövrünə (2017–2021) aid vergi bəyannamələrinin ictimaiyyətə sızdırılmasıdır. Qeyd olunur ki, “The New York Times” və “ProPublica”da dərc edilən materiallar keçmiş IRS podratçısı Çarlz Littlconun ötürdüyü məlumatlar əsasında hazırlanıb. İddiaçıların fikrincə, Maliyyə Nazirliyi və IRS məxfi vergi məlumatlarının qorunmasını lazımi səviyyədə təmin etməyib və həmin məlumatların qanunsuz şəkildə açıqlanmasına şərait yaradıb. Onların sözlərinə görə, belə halların qarşısını almaq üçün güclü nəzarət, təhlükəsizlik və monitorinq mexanizmləri mövcud olmalı idi. “Bloomberg” yazır ki, bu iddia Tramp və onun yaxın çevrəsinin son bir ildə qaldırdığı məhkəmə proseslərinin bir hissəsidir. Nəşrin məlumatına görə, həmin işlər üzrə tələb olunan ümumi məbləğ artıq 50 milyard dolları keçib. Xatırladılır ki, Trampın vergi məlumatları 2020-ci ilin payızında, prezident seçkilərinə az qalmış dövrdə sızdırılaraq dərc olunmuşdu. Həmin vaxt “The New York Times” onun 2016 və 2017-ci illərdə federal gəlir vergisi kimi 750 dollar ödədiyini, eləcə də əvvəlki 15 ilin 10 ilində vergi ödənişi etmədiyini yazmışdı. Tramp isə bu iddiaları həqiqətə uyğun saymadığını bildirmişdi. Qeyd edək ki, Çarlz Littlcon 2024-cü ilin yanvarında 5 il müddətinə azadlıqdan məhrum edilib.

Şərhlər