15:05
30 01 2026

Yaponiyanın paytaxtında pul daşıyan avtomobillərə ard-arda hücumlar edilib.

Yaponiyanın paytaxtı Tokio şəhərində nağd pul daşıyan şəxslərə qarşı ardıcıl soyğunçuluq hadisəsi qeydə alınıb. Hadisələr nəticəsində ümumi məbləğin 420 milyon yen (təxminən 2.7 milyon dollar) olduğu bildirilir.

Bu barədə Yaponiyanın “47 News” saytı məlumat yayıb.

Nəşrin yazdığına görə, zərərçəkənlərdən biri bildirib ki, ona gözyaşardıcı qaza bənzər maddə püskürdüblər və avtomobilində olan üç çamadanı oğurlayıb qaçıblar.

Portalın məlumatına əsasən, bir neçə saat sonra polisə 190 milyon yen (təxminən 1.2 milyon dollar) daşıyan başqa bir şəxs müraciət edib. O deyib ki, Haneda hava limanı ərazisində ona da gözyaşardıcı qaz vurulub, lakin çamadanını götürə bilməyiblər və hadisə yerindən uzaqlaşıblar. Qeyd olunur ki, polis bu iki hadisənin əlaqəli olduğunu düşünür və birgə araşdırma aparır.

Bundan başqa, təxminən eyni vaxtda yaxınlıqdakı küçələrdən birində daha əvvəl 50 yaşlı piyadanı vuraraq qaçan avtomobilin tərk edilmiş vəziyyətdə tapıldığı bildirilib. Vurulan şəxsin ciddi xəsarət almadığı qeyd olunur.

Polisin ilkin ehtimalına görə, piyadanın vurulması da həmin soyğunçu qruplaşma ilə bağlı ola bilər.

XƏBƏR LENTİ