13:12
16 12 2020

Suqovuşan və Talış kəndlərinə gedən yolların asfaltlanmasına başlanılıb

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin tapşırığına əsasən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 3 oktyabr tarixində Azərbaycan Ordusunun həyata keçirdiyi əks-hücum əməliyyatları nəticəsində Ermənistan silahlı qüvvələrinin işğalından azad edilmiş Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yollarının asfaltlanması işlərinə başlanılıb.
Bu barədə Oxu.Az-a Agentlikdən məlumat verilib. 
Məlumata görə, ümumi uzunluğu 28,5 kilometr olan avtomobil yolları iki texniki dərəcəyə uyğun olaraq bərpa edilir. İki geniş hərəkət zolağından ibarət olan yolun asfalt-beton örtüyünün eni doqquz metr təşkil edir.
Tərtər rayonunun Suqovuşan və Talış kəndlərinə gedən avtomobil yolları uzun müddət düşmən tapdağı altında olduğundan tamamilə sıradan çıxıb və dağılıbdır. Tikinti işləri zamanı yollar boyu yararsız qrunt qazılaraq çıxarılıb, yararlı qruntla əks-dolğu işləri aparılıb, torpaq yatağı genişləndirilərək profilə salınıb və yeni yol əsası inşa edilib.
Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən və yüksək keyfiyyətlə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin birbaşa nəzarəti altında aparılır. Bunun üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.
Artıq yolun Tərtər şəhərindən Suqovuşan kəndinə qədər olan 21 km, həmçinin Suqovuşandan Talış kəndinə doğru uzanan 7,5 km-lik hissələri üzrə yeni yol yatağının və yol əsasının inşası işləri başa çatdığı üçün növbəti mərhələ üzrə asfaltlanma işlərinə başlanılıb. Yeni asfalt-beton örtüyünün döşənəcəyi sahə 250 min kv.m-dən çoxdur.

NEWS FEED