Elşad Məmmədov: “Qaz ixracı Azərbaycana illik 2,5-3 milyard dollar qazandıra bilər”
Bu gündən etibarən Trans-Adriatik Qaz Boru Xətti (TAP) vasitəsilə Azərbaycan qazı Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya vasitəsilə İtaliyaya çatdırılıb. Bu, Azərbaycan qazının Avropa Birliyi ölkəsinə ilk nəqli prosesidir.
Qazın Avropaya nəqli Azərbaycana nə qazandıracaq və hansı iqtisadi göstəricilərə səbəb olacaq? Oxu.Az bununla bağlı iqtisadçı, professor Elşad Məmmədovdan müsahibə götürüb.
– Avropaya qaz ixracı Azərbaycana hansı imkanları açır?
– Azərbaycan qaz ixracını Trans-Adriatik Qaz Kəməri istismara verilməmiş artırmışdı. Bu il dünya iqtisadiyyatında tələbatın azalması ilə bağlı çox ciddi problemlər oldu, neft ixracından büdcəyə daxilolmalar azaldı. Ancaq qazla bağlı müsbət dinamika hiss edilir. Ümid edə bilərik ki, 2021-ci ildə qaz ixracından valyuta artımı olacaq. Azərbaycan faktiki olaraq qaz ixracatı baxımından maksimum göstəricilərə nail olub.
– Azərbaycanın TAP-dan qazancı ilkin hesablamalara görə nə qədər ola bilər?
– Bu, neftin qiymətindən asılı olan məsələdir. Neftin sabit qiyməti fonunda indiki durumda proqnoz vermək olar. İldə 16 milyard kubmetr qazın həm Türkiyə, həm də Avropa bazarına ixracı Azərbaycana 2,5-3 milyard dollar qazandıra bilər. Bu da həm tədiyyə balansı, həm də makroiqtisadi göstəricilər baxımından ölkəmiz üçün önəmli məbləğdir. Bununla Azərbaycan bir tərəfdən özünün valyuta ehtiyatlarının sabitləşməsinə nail olur, digər tərəfdən Avropa Birliyi ilə etibarlı tərəfdaş kimi formalaşmağımızda böyük rol oynayır. Çünki bilirik ki, Avropa ölkələrinin qaz idxalından asılılığı hələ də yüksək səviyyədədir. Məhz bu amillərə görə Azərbaycanın Avropa Birliyində mövqelərinin möhkəmlənməsinə şərait yaranacaq.
Yeri gəlmişkən, biz təkcə xammal qazın ixracı ilə kifayətlənməməliyik. Biz ölkədə qaz kimyasının inkişafına da sərmayələr qoymalıyıq. Bu, qaçılmazdır. Çünki heç bir ölkədə tək xammal qazın ixracı iqtisadi inkişafın göstəricisinə xidmət göstərə bilməz.
– TAP-ın uzunluğu 3500 km-dəkdir və İtaliyada başa çatır. Boru xəttinin digər Avropa Birliyi ölkələrinə kimi uzadılması yaxın gələcəkdə mümkündürmü?
– Avropaya verilən qazın 10 milyard kubometri bu qitənin qaza olan tələbatının 2%-dir. Hazırkı şəraitdə qaz kəmərinin şaxələndirilməsi real görünmür. Əgər gələcəkdə Cənub Qaz Dəhlizinə Türkmənistan, Qazaxıstan, İran qoşularsa, əlavə kəmərlər çəkilə bilər. Ancaq 10 milyard kubmetr qaz üçün Avropada alıcı tapmaq elə bu qaz kəməri vasitəsilə də mümkündür.