İlin son günündə Azərbaycan Bolqarıstana təbii qaz göndərəcək
Bu ilin dekabrın 31-də Azərbaycanın təbii qazı Bolqarıstana çatdırılacaq.
“Yayin.Az”ın Bolqarıstan mətbuatına istinadən verdiyi məlumata görə, Xəzər dənizin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” yatağından hasil edilən 1 mlrd kubmetr təbii qaz hər il bu ölkəyə nəql ediləcək.
Qeyd edək ki, təbii qaz Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Bolqarıstanın “Bulgargas” şirkəti arasında imzalanan müqaviləyə əsasən nəql ediləcək.
Bolqarıstanın baş naziri Boyko Borisov 2021-ci ilin yanvarın 1-dən Azərbaycan təbii qazının Bolqarıstana çatıdırlmasından razılığını bildirib.
Ölkənin energetika naziri Temenuşka Petkova isə bildirib ki, Azərbaycan və Bolqarıstan arasında imzalanan sazişi və Azərbaycanın bu sazişə sadiq olmasını yüksək qiymətləndirib.
Onun sözlərinə görə, gələn il oktyabr ayının əvvəlinə qədər Bolqarıstan təbii qazı müvəqqəti mümkün olan bir çatdırılma məntəqəsi - Trans-Adriatik Qaz Boru Kəmərinin (TAP) Yunanıstan qaz ötürmə sistemi ilə əlaqə nöqtəsi olan "Kulata" vasitəsilə alacaq: "Eyni zamanda Yunanıstan-Bolqarıstan İnterkonnektorunun (IGB) inşasına davam edirik. TAP ilə IGB arasındakı birləşmə nöqtəsi olan "Komotini" - keçid dövründən sonra, yəni bir neçə aydan sonra Azərbaycan qazının tədarük nöqtəsinə çevriləcək. Birləşdirici xəttin inşasının gecikməsi COVID-19 pandemiyası ilə bağlıdır”.
Qeyd edək ki, IGB Xəzər dənizinin Azərbaycan sektorundakı "Şahdəniz" qaz kondensat yatağının II mərhələdə istismarı çərçivəsində hasil edilən "mavi yanacağ"ın Bolqarıstana nəqlini nəzərdə tutur. Trans-Adriatik Boru Kəmərinə (TAP) qoşulacaq bu kəmər vasitəsilə Bolqarıstan Azərbaycandan ildə 1 milyard kubmetr təbii qaz idxal edəcək. Belə ki, “Bulgargaz EAD” dövlət şirkəti “Şahdəniz-2” yatağından bu miqdarda qaz almaq üçün "Şahdəniz" konsorsiumu ilə müqavilə imzalayıb. Azərbaycan təbii qazı hesabına Bolqarıstan qaz tələbatının 25-30 %-ni ödəyə biləcək. IGB-də tikinti işlərinin gələn ilin ikinci yarısında başa çatacağı gözlənilir.
Ümumi uzunluğu 182 kilometr olan boru kəmərinin 150 kilometri Bolqarıstan ərazisindən keçəcək. Kəmərin illik ötürücülük gücü 3-5 milyard kubmetr həcmində nəzərdə tutulur.