12:41
11 09 2025

Sabah güclü leysan və külək gözlənilir

Milli Hidrometeorologiya Xidməti sentyabrın 12-nə olan hava proqnozunu açıqlayıb.

Yayin.az xəbər verir ki, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı, ayrı-ayrı ərazilərdə isə yağışın leysan şəklində intensivləşəcəyi və şimşəklə müşayiət olunacağı gözlənilir. Axşam saatlarında yağıntıların kəsəcəyi ehtimal edilir. Güclü şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 18–21°, gündüz 22–24° isti təşkil edəcək. Atmosfer təzyiqi 758 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 75–85% arasında olacaq.

Regionlarda da bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı proqnozlaşdırılır. Ayrı-ayrı rayonlarda yağışın güclü leysan xarakterli olacağı, hətta dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə isə sulu qara keçəcəyi ehtimal edilir. Gecə və səhər bəzi yerlərdə duman müşahidə olunacaq. Qərb küləyi bəzi bölgələrdə arabir güclənəcək.

Rayonlarda havanın temperaturu gecə 18–21°, gündüz 24–28° isti, dağlıq ərazilərdə isə gecə 6–10°, gündüz 12–17° isti olacaq.

NEWS FEED