11:21
03 09 2023

Leysan Oğuz rayonunda fəsadlar törədib

Leysan yağışı Oğuz rayonunda fəsadlar törədib.

APA-nın məlumatına görə, sentyabrın 2-i axşam saatlarında ölkənin şimal-qərb bölgəsini əhatə edən rayonlarda hava şəraiti dəyişib, fasilələrlə yağış yağıb.

Bəzi ərazilərdə qısa müddətli leysan xarakterli yağış yağıb. Leysan yağışı Oğuz rayonunun Xalxal kəndi yerləşən inzibati ərazisinin yaxınlığındakı dağlıq ərazidə daha çox müşahidə olunub.

Dağlara yağan leysan xarakterli yağış səbəbindən Xalxal çayında və Xalxal kəndinin mərkəzindən keçən Qara çayda suyun səviyyəsi qalxıb, çaydan sel keçib. Qara çayın məcrasından çıxması səbəbindən sel suları kənddaxili yolları yararsız hala salıb. Bir-neçə elektrik dirəyi yıxılıb, məktəbə gedən yolun üstündəki körpünün bir hissəsini sel suları yuyub. Bir ailənin həyətyanı sahəsinə sel suları dolub.

Hazırda müvafiq qurum nümayəndələri əraziyə ezam olunub, təmizlik işləri aparılır və dəymiş ziyanın miqyası hesablanır.

NEWS FEED