Gürcüstanda 200-dən çox restoran və kafe qadağalara etiraz edərək xidməti dayandırdılar
Gürcüstanda 200-dən çox restoran və kafe ölkədə koronavirusla mübarizə üçün tətbiq olunan məhdudiyyətlərə etiraz olaraq qida çatdırılma xidmətlərini dayandırıb.
Bu barədə TASS-a Gürcüstan Restoratorlar Assosiasının rəhbəri Şota Burcanadze deyib:
“Həm Tbilisidə, həm də bölgələrdə 200-dən çox restoran və kafe gecə yarısından bəri işini dayandırıb. Aksiyamız və boykotumuzla hökumətə restoran və kafesiz qalacağı təqdirdə ölkənin necə olacağını göstərmək istəyirik. Tələbimiz sadədir - bizə tam işləmək, qonaqları salonlarda qəbul etmək və yerləşdirmək imkanının verilməsi. Təbii ki, bütün məhdudiyyətlərə əməl edəcəyik”.
Assosiasiyanın rəhbərinin sözlərinə görə, hazırda bu sahədə işləyən 250 min nəfər işsizdir.
Burcanadze həm də, hotel və mehmanxanaların tərkibindəki restoranların işinə niyə icazə verildiyi, digər iaşə müəssisələrinin isə bunu edə bilmədiyi sualını da qaldırıb.
Tbilisidə Puşkin meydanında bir araya gələcək etirazçılar daha sonra Hökumət Sarayına getməyi planlaşdırırlar.
Qeyd edək ki, Gürcüstan hökuməti epidemiyaya görə vəziyyətin pisləşməsi ilə əlaqədar 2020-ci ilin 28 noyabrından etibarən geniş miqyaslı məhdudiyyətlər tətbiq edib. 22 yanvarda hökumət elan edib ki, 1 fevraldan etibarən yumşalma başlayacaq.
Xatırladaq ki, Gürcüstanda 257 632 nəfərdə koronavirus qeydə alınıb, 3 159 xəstə ölüb.