Hibrid avtomobillərin davamlılığı üzrə yeni reytinq açıqlanıb
Almaniyanın ADAC avtomobil klubu hibrid avtomobillərin akkumulyatorlarının uzunömürlülüyü ilə bağlı geniş araşdırmanın nəticələrini təqdim edib. Tədqiqat Avstriyanın AVILOO şirkəti ilə birlikdə həyata keçirilib və altı il ərzində müxtəlif markalara aid 28 min 500-dən çox akkumulyatorun real istismar göstəriciləri analiz olunub. Araşdırma gözlənilməz nəticələr ortaya qoyub: məlum olub ki, akkumulyatorun davamlılığı təkcə yürüşdən və istifadə qaydasından deyil, avtomobilin markasından da ciddi şəkildə asılıdır. Ümumilikdə hibrid modellərin əksəriyyəti 200 min kilometrdən sonra belə tutumlarının 80 faizdən çoxunu saxlayır, lakin markalar arasında nəzərəçarpacaq fərqlər var. Ən yaxşı nəticə “Mercedes-Benz” modellərində qeydə alınıb — 200 min km-dən sonra belə akkumulyatorlarda demək olar ki, heç bir ciddi itki müşahidə olunmur. “Mitsubishi” avtomobillərində isə əksinə, ilk istismar mərhələlərində tutumun daha sürətli azalması diqqət çəkib. Sonrakı dövrlərdə deqradasiya bir qədər ləngisə də, başlanğıc itkisi yüksək olur. BMW-də nəticələr istifadə tərzindən asılı olaraq dəyişkəndir: bəzi modellərdə stabil göstəricilər olsa da, bəzilərində fərqlər böyükdür. “Ford” modellərində tutumun nisbətən daha tez azalması qeydə alınıb. “Volkswagen” və “Volvo” isə nəticələrinə görə orta səviyyədə qərarlaşıblar. © electrek.co

Şərhlər