Azərbaycanda şirkətdən 89 min manat oğurlayanlar ələ keçdi
Beyləqan Rayon Polis Şöbəsinə 1-ci Şahsevən kəndi ərazisində yerləşən şirkətlərin birindəki kassadan 89 000 manat məbləğində pulun oğurlanması barədə müraciət daxil olub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan məlumat verilib.
Məlumata görə, dekabrın 13-də RPŞ-yə daxil olmuş müraciətlə əlaqədar olaraq müvafiq araşdırmalara başlanılıb. “İsti izlərlə” və peşəkarlıqla davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə 1-ci Şahsevən kəndində yaşayan İlkin Nərimanov və Vaqif Pənahlı oğurluqda şübhəli bilinərək saxlanılıblar. Dindirilmə zamanı şirkətin əməkdaşı kimi fəaliyyət göstərən V. Pənahlının pulu oğurlayaraq İ. Nərimanova verməsi müəyyən edilib.
İ. Nərimanovun yaşadığı ünvana baxış keçirilən zaman döşəmənin altında sellofan paketdə gizlətdiyi, məbləğin bir qismi - 41 000 manat və 1 680 ABŞ dolları maddi sübut kimi götürülüb.
Faktla bağlı Beyləqan Rayon Polis Şöbəsində cinayət işi başlanılıb. Oğurlanmış məbləğin digər qisminin də müəyyənləşdirilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.