18:31
19 01 2021

20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar sosial müdafiə tədbirləri ilə əhatə olunublar

Hazırda 20 Yanvar şəhidlərindən 92 nəfərin 101 ailə üzvü və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan 274 nəfər Prezidentin aylıq təqaüdləri ilə təmin olunur. 
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib. Qeyd olunub ki, dövlət başçısının Fərmanı ilə bu təqaüdlər cari ilin əvvəlindən növbəti dəfə artırılaraq şəhid ailələri üçün 300 manatdan 500 manata, 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar üçün I dərəcə üzrə 250 manatdan 400 manata, II dərəcə üzrə 230 manatdan 350 manata, III dərəcə üzrə 210 manatdan 300 manata çatdırılıb.
Bu təqaüdlə yanaşı, onların pensiya, yaxud müavinətlə təminatı da həyata keçirilir, şəhid ailələrinin pensiyalarına əlavə hesablanıb.
Şəhid ailələrinin övladları, həmçinin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanların özləri və övladları təhsil haqqı ödəməkdən azad edilir. Ötən dövrdə 20 Yanvar şəhidlərinin ailələri və 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar da mənzillə, həmçinin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olanlar avtomobillə təminat proqramı ilə əhatə olunublar. Həmçinin onlar reabilitasiya vasitələri, sanator-kurort müalicəsi üçün göndərişlə təmin edilir, aktiv məşğulluq proqramlarında onlara üstünlük verilir. Vergi, əmək qanunvericiliyində və s. onlar üçün bir sıra güzəştlər də nəzərdə tutulub. 

NEWS FEED