21:03
15 01 2021

Qənirə Paşayeva “Qarabağ” Ordenli şəhid mayorun xanımı ilə görüşüb

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Abşeron rayon, Mehdiabad qəsəbə sakini, şəhid mayor Ramid Nəriman oğlu Hacıyevin (11.02.1987, Cəbrayıl – 16.10.2020, Tərtər) həyat yoldaşı Sevinc Hacıyeva ilə görüşüb.

Qənirə Paşayeva şəhid mayorun xanımını işğalçı düşmən üzərində tarixi qələbə münasibətilə təbrik edib, ürək sözlərini bölüşüb: "Əziz Sevinc xanım, Siz, Vətən uğrunda mərdliklə döyüşərək öz canını fəda etmiş hərbçimizin xanımısız. İşğalçı düşmən üzərində qələbə münasibətilə təbriki ən çox Siz şəhid alilərinin üzvləri haqq edirsiz. Biz Sizə çox minnətdarıq! Qəhrəman zabitimizin ruhu qarşısında dərin ehtiramla baş əyirik!

Ramid Hacıyev kimi əsgərlərimizlə hər zaman qürur duyacağıq!
 
Onun və cəbhə yoldaşlarının qəhrəmanlığı sayəsində torpaqlarımız Ermənistanın işğalından azad olunub, xalqımızın 30 illik torpaq həsrətinə son qoyulub.
Ulu Tanrıya çox şükürlər olsun, şəhidlərimizin qanı yerdə qalmayıb. Qəhrəman zabitimiz doğma Cəbrayılın, digər yaşayış məntəqələrimizin azadlığını gördü. Azərbaycan tarixi zəfər qazandı. Sizi tarixi zəfər münasibəti ilə bir daha təbrik edirəm”!
Q.Paşayeva "Qarabağ” Ordenli şəhid mayorun xanımına tarixi zəfər münasibətilə Milli Məclisin Mədəniyyət Komitəsi adından Məktub, üzərinə "Şuşa Azərbaycandır!” yazılmış qol saatı təqdim edib.

NEWS FEED