Madridin Komplutense Universitetinin psixoloqları uzunömürlülərə xas olan 19 xüsusiyyətin adını çəkiblər. Bunlara dürüstlük və hər şeyi bilmək həvəsi daxildir.
Araşdırmanın nəticələri “Journal of Happiness Studies” jurnalında dərc olunub.
Tədqiqatda 100 yaşdan 107 yaşa qədər 14 mindən çox insan iştirak edib. Alimlər oxşar cəhətləri tapmağa çalışaraq iştirakçıların xasiyyətlərini təhlil ediblər. Məlum olub ki, bütün uzunömürlülərə xas 19 ümumi xüsusiyyət var. Tədqiqatçılar bunların ən vacibinin hər şeyi bilmək həvəsi olduğunu bildiriblər. Belə insanlar daim bilik əldə etməyə və müxtəlif bacarıqları mənimsəməyə çalışırlar.
Əhəmiyyət baxımından ikinci yerdə həyatsevərlikdir. Bütün uzunömürlülərə xas xüsusiyyətlərdən biri də müsbət düşüncədir. Bundan əlavə, belə insanlar çox vaxt dürüst, yaxşı yumor hissi və yüksək intellektə malik olurlar. Digər ümumi xüsusiyyətlərə minnətdarlıq, aktivlik və cəsarət daxildir.
İspan alimləri hesab edirlər ki, uzunömürlülərin həyatını və xasiyyətini təhlil etmək sağlam qocalmaq üçün bir addım ola bilər.
Mənbə: Gazeta.ru