Azərbaycanın turizm sektoru qış mövsümünə necə hazırlaşır?
Hər il qış mövsümünün gəlişinə az qalmış turizm sektorunda müəyyən yeniliklər başlayır. Hotellər yeni kampaniyalara start verir, turizm müəssisələri yeni qiymətlərlə turpaketləri satışa çıxarır. Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının İdarə Heyətinin sədri, eyni zamanda Azərbaycan Ekoturizm Assosiasiyasının İcraçı direktoru Samir Dübəndi “Report”a açıqlamasında turizm sektorundakı mövcud vəziyyət, yeniliklər və qış mövsümünə hazırlıqlar barədə məlumat verib. Xizək turizmi daha əlçatan olmalıdır Onun sözlərinə görə, dağ qış kurortlarında adətən dekabrın 15-dən xizək sürmək imkanları təklif edilir: “Ölkədə 2 dağ-xizək turizm kompleksi fəaliyyət göstərir. Bunlardan biri Qusar rayonun ərazisində “Şahdağ”, digəri isə Qəbələ rayonunun ərazisində “Tufandağ” dağ-xizək turizm kompleksidir. Belə kurortların yaradılması turizm sənayesinin mövsümdən asılılığının azalmasına xidmət göstərir”. S.Dübəndi hesab edir ki, qış mövsümü dünya turizm sənayesi üçün ümumilikdə aşağı mövsüm hesab edilir: “Qış turizm növlərinin inkişafı qış mövsümündə daxili və xarici turistlər üçün əlavə imkanlar yaradır. Qış turizm fəaliyyətləri xizək sürməklə məhdudlaşmır. Burada biz geniş yayılmış meşəyə xizək üzərində yürüşlər, kirşə, qış giləmeyvələrinin yığılması, mövsümi mətbəx nümunələri və digərlərini sadalaya bilərik. Qış xizək kurortlarının ərazilərində bir çox attraksionlar, kvadrosikldan tutmuş beşulduzlu hotellərə qədər təklif edilir. Yalnız xizək turizminin ümumilikdə bir qədər bahalı turizm növü hesab edildiyindən bu mərkəzlərin xidmətləri əhalinin ortatəminatlı təbəqəsi üçün əlçatan deyil. Düşünürəm ki, bu mərkəzlərin ərazilərində və yaxın ərazilərdə alternativ yerləşdirmə vasitələri, daha əlçatan avadanlıq, qidalanma və digər xidmətləri təklif edən müəssisələr əmələ gəlməlidir”. Təklifin az olması bahalaşma yaradır O bildirib ki, turizm müəssisələri Yeni il üçün təkliflər baxımından hələ aktiv deyillər: “Yeni il bayramı ərəfəsində və bayram günləri regional hotellərin satışları artır, qiymətlər də bir qədər yüksəlir. Bu da təbiidir. Çünki bazarda tələb artır, təkliflər isə məhdud olduğu üçün müəssisələr qiymətləri yüksəldir”. Assosiasiya rəhbəri bildirib ki, “Şahdağ” kompleksinin qəbul etdiyi xarici qonaqların sayı ildən-ilə artmaqdadır: “Pandemiyadan əvvəlki dövrdə bayram günləri kompleks 20 min insanı qəbul edirdi”. O hesab edir ki, Azərbaycanda qış turizm fəaliyyətləri o qədər də geniş yayılmayıb: “Bir çox hotellər, turizm istirahət mərkəzləri qış bayramları ərzində məhdud təkliflərlə çıxış edirlər. Bunlar gecələmə xidmətləri, şou proqram, qida paketləri olur. Animasiyalar və turizm fəaliyyətləri təklifləri isə azlıq təşkil edir. Bunlara baxmayaraq, Azərbaycanda bütün mövsümlərdə istirahət və digər turizm fəaliyyətləri üçün geniş imkanlar mövcuddur. Ölkədə bir sıra maraqlı, unikal təbii və antropogen turizm resursları yayılıb. Son illərdə mədəni irsin qorunmasına ölkədə xüsusi diqqət yetirilir. Mədəni irs nümunələrinin bərpası və qorunması istiqamətində geniş və planlı işlər aparılır. Bu isə turizm fəaliyyətlərinin inkişafına təkan verir, fərqli turizm istiqamətlərinin inkişafı üçün şərait yaradır. Burada arxeoloji, mədəni, kulinariya, etno və sair turizm növlərini qeyd etmək yerinə düşər”. Lüks hotellərin çoxu dolub S.Dübəndinin sözlərinə görə, qarşıdan gələn bayram günlərində regional hotellər arasında 5 ulduzlu seqmentdə yüksək doluluq müşahidə edilir: “Bir çox lüks hotellər artıq satışlarını saxlayıblar. Adi günlərdə isə 5 ulduzlu regional hotellərində qiymətlər 130-250 manat arası dəyişir. Digər yerləşdirmə vasitələri seqmentində müxtəlif təklifləri görürük - kotteclər, kənd evləri, qonaq evləri və digərləri. Keçən illə müqayisədə bu müəssisələrin təklif etdikləri xidmətlərin qiymətlərində təxminən 25% artım müşahidə olunur”.