Xankəndiyə yola salınan unun keyfiyyət sertifikatı Rusiya sülhməramlılarına təqdim edildi
Bakıdan Xankəndiyə göndərilən un məlumatlarının keyfiyyət sertifikatı var. Biz sertifikatın rus dilində olan versiyasını da Rusiya sülhməramlılarına təqdim etmişik. Bunu Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş katibi Ceyhun Mirzəyev deyib. "Hazırda gözləmə mövqeyindəyik. Bu vaxta qədər vəziyyətdə hələ heç bir dəyişiklik yoxdur", - deyə o bildirib. Qeyd edək ki, ki, avqustun 29-da Azərbaycan Qızıl Aypara Cəmiyyəti (AzQAC) tərəfindən Qarabağda yaşayan erməni əsilli sakinlər üçün 40 ton un göndərilib. 40 ton un yüklənmiş avtomobillər Rusiya sülhməramlı qüvvələrinin Ağdam-Xankəndi yolu üzərində yerləşən postunda gözləyir. Xatırladaq ki, Ermənistan hakimiyyəti başda olmaqla Qarabağdakı separatçı rejim qalıqları artıq uzun zamandır müxtəlif yollarla dünya ictimaiyyətini, beynəlxalq təşkilatları inandırmağa çalışırlar ki, guya Azərbaycan Laçın yolunda sərhəd buraxılış məntəqəsi qurmaqla Qarabağ ermənilərini blokadaya alıb, onlar üçün humanitar böhran vəziyyəti yaradıb, guya ermənilər ərzaq çatışmazlığı ilə üz-üzədirlər. Bölgədə guya "gərgin humanitar vəziyyət", "blokada"nın mövcudluğu ilə bağlı manipulyasiyalarını davam etdirən Ermənistanın erməni sakinlərin tələbatlarının ödənməsi üçün Laçın yolu və digər alternativ yollardan istifadə ilə bağlı məsələlərin həll olunması üçün əldə olunmuş razılaşmalara əməl etmək əvəzinə, sülh prosesinə maneə törədir. Azərbaycan tərəfi isə növbəti dəfə humanist yanaşma sərgiləyərək Qarabağda yaşayan erməniəsilli vətəndaşlar üçün humanitar yardım göndərir. © Trend.Az