Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının birgə təlimindən görüntülər
Azərbaycan, Türkiyə və Gürcüstan xüsusi təyinatlılarının “Qafqaz Qartalı-2022” adı altında keçirilən birgə hərbi təlimləri davam edir. Gürcüstan Müdafiə Nazirliyinin məlumatına görə, Vaziani təlim bazasında keçirilən nümunəvi təlimləri bu ölkənin müdafiə qüvvələrinin komandanı general-mayor Georgi Matiaşvili izləyib. Xüsusi təyinatlılar hava dəstəyi, paraşütlə tullanma, zirehli nəqliyyat vasitələri ilə hücum, binanın mühasirəsi kimi müxtəlif döyüş tapşırıqlarını icra edərək öz bacarıqlarını nümayiş etdiriblər. Hərbçilər “AN-2” tipli təyyarələrdən paraşütlə tullanma elementlərini icra ediblər. Nazirlikdən bildirilib ki, “Qafqaz Qartalı-2022” təlimlərinin məqsədi Azərbaycan, Türkiyə və Gürcüstanın xüsusi təyinatlı bölmələri arasında sinxronlaşdırma və koordinasiya imkanlarını dərinləşdirmək, təcrübə paylaşımı etmək, qarşılıqlı əməliyyat qabiliyyətini artırmaq və çoxmillətli mühitdə komanda və nəzarəti inkişaf etdirməkdir. O da qeyd olunub ki, təlimlərdə iştirak edən xüsusi məqsədli qruplar atəş və tibbi təlimlər, məskun ərazilərdə döyüş əməliyyatları ilə bağlı təcrübə paylaşımı edəcəklər. Ətraflı Baku TV-nin videosunu təqdim edirik: