Yemək gətirdikləri üçün tələbələr universitetin bufetinə buraxılmırlar?
Xəzər Universitetinin tələbələri təhsil müəssisəsinin bufetinə öz aldıqları qidalarla buraxılmayıblar. Onun sözlərinə görə 10 gündür universitetin bufetinə kənardan yemək gətirən tələbələr deyil, yalnız universitetin bufetindən yemək alanlar buraxılır. Şikayətçi universitetin bufetində satılan qidaların həddindən artıq baha olduğundan və tələbələrə qoyulan qadağadan gileylənib.
Bu şikayətlə Bizim.Media-ya universitetdə təhsil alan tələbənin anası Ülkər Ziya müraciət edib.
Qeyd edək ki, valideynin saytımıza müraciəti ilə yanaşı, məsələ sosial şəbəkələrdə də aktuallaşıb.
Xəzər Universitetinin İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Əlövsət Əmirbəyli universitetin bufetində tələbələrə hər hansı məhdudiyyət qoyulmadığını bildirib:
“Universitetin yeməkxanasında tələbələrə və müəllimlərə evdən gətirdikləri yeməyi qızdırmaq üçün heç bir problem yoxdur”, - deyə Əlövsət Əmirli qeyd edib.
Xatırladaq ki, 5 ay əvvəl də Xəzər Universitetinin bufetində sözügedən məsələ ilə bağlı biabırçı elan asılmışdı. Elanda bufetə kənardan yemək gətirən şəxslərin töhmət alacağı qeyd olunmuşdu.
Universitetdən dərhal məsələyə reaksiya verilərək, qanunsuz hərəkətlə bağlı yeməkxana müdirinin rəhbərlik səviyyəsində ciddi cəzalandırılacağı bildirilmişdi.
Qeyd edək ki, ali təhsil ocağının rektoru İradə Xəlilovadır.