21:40
19 12 2021

Odessada Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib

Ukraynanın Odessa vilayətində yaşayan azərbaycanlılarla görüş keçirilib, yerli icra hakimiyyəti orqanları nümayəndələrinin iştirakı ilə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü qeyd edilib.
Diaspora ilə iş üzrə Dövlət Komitəsindən “Report”a verilən məlumata görə, icma ilə görüşdə Ukraynada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsinin (DİDK) əməkdaşları, Odessa vilayətin müxtəlif şəhərlərində yaşayan 60-dan çox soydaşımız, eləcə də Ukrayna Azərbaycanlıları Radasının (RAU) həmsədri Hikmət Cavadov, baş katibi Ceyhun Məmmədov və digər təmsilçiləri iştirak edib. Azərbaycan və Ukraynanın Dövlət himnlərinin səsləndirilməsindən sonra Qarabağın azadlığı uğrunda həlak olmuş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra Diasporla İş üzrə Dövlət Komitəsinin Aparat rəhbəri Daşqın Rəcəbli çıxış edərək, Vətən müharibəsində, eləcə də Zəfərimizin ilk ildönümündə Azərbaycan diasporunun, Koordinasiya şuraları və Azərbaycan evlərinin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, Dövlət Komitəsinin koordinasiyası və xaricdəki icmalarımızın təşkilatçılığı ilə 44 gün ərzində onlarla ölkədə 200-ə yaxın tədbir keçirilib, bunun da 100-ü mitinq, aksiya olub. 500-dən çox məqalə xarici kütləvi informasiya vasitələrində dərc edilib. Dövlət Komitəsinin dəstəyi ilə onlarla tanınmış xarici media nümayəndəsinin Qarabağa, xaricdəki soydaşlarımızın Şuşaya səfərlərinin təşkil olunduğunu diqqətə çatdıran Aparat rəhbəri çıxışının sonunda soydaşlarımızı qarşıdan gələn Həmrəylik Günü münasibətilə təbrik edərək, diasporumuza uğurlar arzulayıb.
“Birlik” Odessa Azərbaycanlılarının Diasporu İctimai Təşkilatının rəhbəri Rövşən Quliyev böyük qələbəni bizə yaşadan Ali Baş Komandan İlham Əliyevə icma adından təşəkkür edərək, bütün şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə cansağlığı diləyib. Xaricdəki soydaşların Zəfərimizi böyük qürur hissi ilə qeyd etdiyini deyən təşkilat rəhbəri diasporumuzun inkişafı naminə birliyimizi daha da möhkəmləndirməyə və əlindən gələni etməyə hazır olduqlarını vurğulayıb.
Ukraynadakı Azərbaycan diasporunun fəaliyyətini yüksək qiymətləndirən Dövlət Komitəsinin I Ərazi şöbəsinin müdiri Ruslan Quliyev qeyd edib ki, Ukrayna Ali Radası üzvlərinin Azərbaycana çoxsaylı səfərlərini təşkil edən diaspor təşkilatları Qarabağ həqiqətlərinin təbliğində böyük rol oynadı, Odessadakı cəmiyyətlər isə Ukrayna Azərbaycanlıları Radası yaradıldıqdan sonra bu proseslərə öz töhfəsini verərək “Birlik” təşkilatını və Odessa Azərbaycan Evini yaratdı. DİDK əməkdaşı bütün bunlarla yanaşı, Ukraynada hələ də Azərbaycan diasporunun birləşməsinə qarşı çıxış edən qüvvələrin mövcud olduğunu təəssüflə qeyd edib, lakin onların öz məqsədinə nail olmayacağını əminliklə vurğulayıb.
Daha sonra çıxış edən UAK-ın həmsədri Hikmət Cavadov Qarabağ Zəfərindən sonra Azərbaycan diasporu qarşısında duran vəzifələrdən danışaraq, Ukraynada soydaşlarımızın hüquqlarının qorunması, diaspor nümayəndələrinə kriminal və digər təzyiqlərin qarşısının alınması, gənclərə dəstəyin göstərilməsi, seçkilərdə fəallığın artırılması istiqamətində daha çox iş görməyin vacibliyini qeyd edib. Diasporumuzun inkişafı üçün Azərbaycan dövlətinin, Diasporla İş üzrə Dövlət Komitəsinin və yerli dövlət strukturlarının dəstəyini vurğulayan RAU həmsədri eyni zamanda təşkilatlar arasında birlik və həmrəyliyi gücləndirməyin vacibliyini bildirib.
Görüşdə Diasporla İş üzrə Dövlət Komitəsinin fəaliyyətini əks etdirən videohesabat təqdim olunub.
Daha sonra 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş təntənəli tədbir keçirilib. Odessadakı Azərbaycan cəmiyyətlərinin birləşməsi istiqamətində, diasporun inkişafında göstərdiyi xidmətlərə görə bir qrup diaspor fəalı fəxri fərmanlarla təltif olunub.
Bayram tədbirində Türkiyənin Odessadakı Baş konsulu Birey Yılmazsoy, Odessa vilayət qubernatorunun köməkçisi, milliyyətcə qaqauz olan Yuri Dimçoğlu, şəhər sovetinin deputatı Aleksandr Şeremet, Odessa şəhər Mədəniyyət və Turizm İdarəsinin rəisi Tatyana Markova, Azərbaycan icmasının nümayəndələri, iş adamları və digər üzvləri iştirak edib. Çıxış edən qonaqlar Azərbaycan diasporunun Odessa şəhərinin inkişafına verdiyi töhfələrdən danışıb və soydaşlarımızın həmrəylik bayramını təbrik ediblər.
Bayram tədbirində Ukraynada yaşayan gənc müğənni Vaqif Nağıyevin Azərbaycanın tanınmış musiqiçilərinin repertuarından səsləndirdiyi parçalar böyük maraqla qarşılanıb. Tədbirdə Şuşada keçirilmiş "Xarı Bülbül festivalı"ndan görüntülər yayımlanıb.

NEWS FEED