Minimum əməkhaqqı artımı 800 min nəfərə şamil olunacaq
Prezident İlham Əliyevin imzaladığı yeni Sərəncamla minimum aylıq əməkhaqqının məbləği artırılaraq 250 manatdan 300 manata çatdırılır. Sərəncam 1 yanvar 2022-ci ildən tətbiq ediləcək.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, minimum əməkhaqqının artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə artımlara imkan verəcək.
Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqının artımı 800 min nəfərə şamil olunacaq. Dövlət sektoru üzrə 400 min, özəl sektor üzrə 400 min işçinin mövcud əməkhaqqıları yanvar ayından artacaq.
Minimum əməkhaqqı artımı üçün illik əlavə maliyyə xərci 460 milyon manat təşkil edir.
Bu artım son üç ildə sosial sahədə inqilabi xarakter alan, bütün istiqamətlər üzrə sosial ödənişlərdə ciddi artımları təmin edən islahatların davamıdır. Dövlət başçısının Sərəncamları ilə minimum əməkhaqqında mütəmadi artımlar davamlı xarakter alıb. Son üç ildə mühüm irəliləyiş olaraq ölkəmizdə minimum aylıq əməkhaqqı 2,3 dəfə artırılaraq 130 manatdan 300 manata çatdırılıb.
Minimum əməkhaqqı artımı əhalinin gəlirlərində artımı təmin etməklə, əmək bazarındakı proseslərə müsbət təsir edir, xüsusilə işçi qüvvəsinin rəqabət qabiliyyətinin, əmək məhsuldarlığının artmasını, eyni zamanda əməyin leqallaşdırılmasını stimullaşdırır.
Gələn il minimum əmək haqqı 2022-ci il üçün nəzərdə tutulan yaşayış minimumunu (210 manat) da 43 % üstələyəcək. Digər tərəfdən, bu artım ölkəmizdə xalis minimum əmək haqqının xalis orta aylıq əmək haqqına olan nisbəti göstəricisinin də növbəti dəfə yüksəlməsinə imkan verəcək. Son üç ildə həmin nisbət 2018-ci ildəki 26,5 %-dən 2019-cu ildə 33,3 %-ə, 2020-ci ildə 38 %-ə yüksəlib, 2022-ci ildə isə təqribən 40-41 % səviyyəsinə yüksələcək.
Bununla da həmin nisbətin qabaqcıl beynəlxalq normalara uyğunlaşdırılması istiqamətində daha bir irəliləyişə nail olunur.