Ali məktəblərə müsabiqədənkənar qəbul olunanların sayı açıqlandı
2021/2022-ci tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olan şəxslər artıq bəllidir.
Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, bu il dörd nəfər beynəlxalq fənn olimpiadası, 33 nəfər respublika fənn olimpiadası, 49 nəfər idman, bir nəfər incəsənt sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, səkkiz nəfər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara yerləşdirilib.
13 abituriyent isə müsabiqədənkənar qəbul olmaq hüququndan imtina edib və müsabiqədə ümumi qaydalarla iştirak edəcəklərini qeyd edib.
Bundan əlavə, 138 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 163 abituriyent ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.