18 şəhidin məzarı Şəhidlər Xiyabanına köçürüldü
Bakıda ümumşəhər qəbristanlığında dəfn edilmiş 18 Vətən müharibəsi şəhidinin məzarı Yasamal rayonundakı Şəhidlər Xiyabanına köçürülüb.
Məzar yerinin dəyişdirilməsi ilə bağlı şəhid ailələrinin müraciətləri onların iştirakı ilə ətraflı araşdırılıb, yaranmış problemin optimal həll yolu müəyyən edilib.
Məlumatda bildirilir ki, məsələ ilə bağlı yekun qərarın qəbul edilməsi vaxtının uzanması bir neçə şəhid ailəsinin məzarların yerinin dəyişdirilməsi istəyi, əksər hissənin isə həmin qəbirstanlıqda qalmasına razı olması ilə bağlı olub.
Yanvarın 30-da idə rəsmi qurumların şəhid ailələri ilə bir daha görüşü keçirilib, onların qəbir yerlərinin dəyişdirilməsi ilə bağlı ümumi istəyi nəzərə alınıb və müvafiq qərar qəbul edilib.
Bundan sonra ümumşəhər qəbirstanlığında dəfn olunmuş 18 Vətən müharibəsi şəhidinin məzarının Yasamal rayonundakı Şəhidlər xiyabanına köçürülməsi qərara alınıb.
Məzarların köçürülməsi prosesi din xadimlərinin və şəhidlərin yaxınlarının iştirakı ilə icra edilib. Məlumata görə, məzarlar açılarkən şəhidlərin ailə üzvləri və yaxınları, rəsmi şəxslər də iştirak edib və məzarların daxilində hər hansı su axıntısı və sızıntısı müşahidə edilməyib.