Bu gün Azərbaycan, Rusiya və Ermənistan Qarabağ üzrə danışıqlar aparacaq
Bu gün Moskvada Rusiya Prezidenti Vladimir Putin, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar olacaq.
“Yayin.Az” xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, danışıqlar Rusiyanın dövlət başçısının təşəbbüsü ilə reallaşacaq.
Tərəflər üç ölkə liderinin 9 noyabr 2020-ci ildə imzalanmış Dağlıq Qarabağ üzrə bəyanatının reallaşdırmasının gedişatını nəzərdən keçirməyi və regionun problemlərinin həlli üzrə sonrakı addımları müzakirə etməyi planlaşdırır.
Hərbi əməliyyatlar zamanı zərər çəkmiş bölgələrin sakinlərinə yardımların göstərilməsi, ticarət-iqtisadi və nəqliyyat əlaqələrinin yaradılması və inkişafı xüsusi diqqət mərkəzində olacaq.
Eyni zamanda Vladimir Putin İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrılıqda görüşlər keçirəcək. Rusiya mətbuatı bunun Vladimir Putinin 2021-ci ildə ilk beynəlxalq tədbirinin olduğunu vurğulayıb.