"Azalternativenerji”nin təşkilati strukturu dəyişib
Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinə məxsus "Azalternativenerji" MMC-nin təşkilati strukturunda dəyişiklik edilib.
"Yayin.Az"ın əldə etdiyi məlumata görə, şirkətin direktoru Aqşin Bəkirzadə direktor müavini təyin edilib.
Bununla belə, direktor vəzifəsinin icrası ona tapşırılıb.
Bundan başqa, Cəmiyyətin cari və gələcək fəaliyyət istiqamətləri nəzərdən keçirilib, təşkilati strukturu optimallaşdırılıb, işçilərin say həddi 140 nəfər müəyyən edilib.
Energetika Nazirliyinin mətbuat katibi Cahid Mikayılov "Report"a açıqlamasında xəbəri təsdiq edib.
"Hazırda fəaliyyətin səmərəliliyinin gücləndirilməsi, çevik təşkilati strukturun formalaşdırılması üzrə tədbirlər davam etdirilməkdədir. Eyni zamanda Cəmiyyətin tərkibində olan günəş elektrik stansiyalarının istehsal göstəricilərinin artırılması istiqamətində təhlillər aparılır", - deyə Nazirlik sözçüsü əlavə edib.
Xatırladaq ki, "Azalternativenerji" Qobustan HES, Suraxanı, Pirallahı, Sahil, Samux GES-lərin və eləcə də bir sıra sosial obyektlərdə quraşdırılmış günəş enerjisi sistemlərinin istismarını və idarə edilməsini həyata keçirir.