“Azərbaycan-Ermənistan münasibətlərinin İrana heç bir aidiyyəti yoxdur”
“İranın Azərbaycanın daxili işlərinə qarışması, Ermənistanla arasında olan məsələlərə özünü aid etməsi yolverilməzdir. Azərbaycan-Ermənistan münasibətlərinin İrana heç bir aidiyyəti yoxdur”. Bunu “Report”a açıqlamasında Milli Məclisin deputatı Aydın Mirzəzadə deyib. Son günlər İranda Azərbaycanla bağlı təhdid dolu bəyanatların səsləndirilməsindən söz açan deputat qeyd edib ki, bu hal xalqımızda böyük narazılığa səbəb olub. Onun sözlərinə görə, özünü İslam Respublikası adlandıran dövlət məscidləri təhqir edən Ermənistanın rəhbərliyi ilə dostluq-qardaşlıq münasibətləri saxlayır: “Azərbaycan və Ermənistan arasında 44 günlük müharibədən sonra çox ləng formada da olsa münasibətlərin qurulması prosesi gedir. Azərbaycan qarşı tərəfə normal qonşuluq münasibətləri təklif edir, Ermənistan isə Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini tanımır, ölkəmizə qarşı təxribatlar törədir. Sərhədlərin delimitasiyası prosesi baş tutmadığı halda guya özünün sərhədlərinin pozulması barədə iddialar irəli sürür. Bütün bunların fonunda gah İran parlamentində, gah da hərbi dairələrində Azərbaycana qarşı təhdid dolu çağırışlar edilir. Biz isə bu cür münasibəti qəbul edə bilmərik”. Deputat əlavə edib ki, İran Azərbaycanın öz hüquqlarını bilən, öz müstəqilliyini, suverenliyini qorumağı bacaran bir ölkə olduğunu bilməlidir: “Azərbaycan-Ermənistan münasibətlərinin İrana heç bir aidiyyəti yoxdur. Bu iki ölkə aralarında olan münasibətləri özləri tənzimləyəcək. Danışıqlar gedir və Azərbaycan münasibətlərin normallaşdırılması üçün beş prinsip irəli sürüb. Ermənistan da bu prinsipləri qəbul edib. Belə olan halda İranın burada sərhədlərlə bağlı fikir bildirməsi yolverilməzdir. İran ancaq özünə aid olan məsələlərə münasibət bildirə bilər və Ermənistanla olan münasibətlərini Azərbaycanla olan münasibətlərə qatmamalıdır. Ermənistanın bir zamanlar işğalda saxladığı Azərbaycan ərazilərində məscidlərimizi, ibadət yerlərimizi dağıtmasına baxmayaraq, rəsmi Bakı Tehranın İrəvanla olan ikitərəfli yaxın əlaqələrinə müdaxilə etmir”. A.Mirzəzadə söyləyib ki, İranın Azərbaycanla Ermənistan arasında olan proseslərə müdaxilə etməyə çalışması, sərhəd məsələlərində özünü iştirakçı kimi qəbul etdirmək cəhdi Azərbaycan tərəfindən heç bir zaman qəbul edilməyəcək: “Əgər İranda kimlərsə hesab edirlərsə ki, hədə-qorxu dolu bəyanatlarla Azərbaycanı öz hüquqlarından çəkinməyə məcbur edəcəklər, çox böyük səhv edirlər. Ermənistanın sentyabrın 12-dən 13-nə keçən gecə sərhəddə törətdiyi təxribatlar rəsmi İrəvanın hələ də yeni reallıqları dərk etmədiyini və özünün daxilində ən adi dövlət quruculuğu ilə məşğul ola bilmədiyini göstərdi. Ermənistan həmçinin digər dövlətləri də öz təxribatlarına cəlb etməyə çalışır. Başqa dövlətlər bundan boyun qaçırırlar, lakin İran tərəfinin siyasi cəhətdən bu məsələlərə fikir bildirməsi Azərbaycanda təəssüf doğurur. Biz müstəqil dövlətik və bu müstəqilliyi qorumağı bacarırıq”.