Bununla yanaşı, Ukraynanın hazırda işğal altında olan bölgələrindəki əhaliyə, habelə Ukrayna Silahlı Qüvvələrinə maddi yardımlar məsələsinə də diqqət yetirilib. Natiqlərin bəzi fitnıkar qüvvələrə Ukraynanı işğalçılardan müdafiə edən hərbçilər arasında azərbaycanlıların da az olmadığını xatırladaraq heç kimin Ukrayna ilə Azərbaycanın arasını vurmasına fürsət verməyəcəklərini vurğulayıblar.
Tədbirdə çıxış edənlərdən UABD idarə heyətinin üzvləri Əlisa Dəmirova, Fərhad Turanlı, Vidadi İsrafilov, Alim Nəsirov Ukrayna ordusunun sıralarında vuruşan soydaşlarımızın şücaətindən danışıb. Birinci Qarabağ müharibəsi zamanı da Azərbaycanın ərazi bütövlüyü uğrunda ukraynalıların da vuruşduğunu xatırladıblar.
Tədbirdə iştirak edən fəallar Ermənistanın Azərbaycanla sərhəddə törətdiyi təxribatları qəti pisləyərək qeyd ediblər ki, Ermənistan tərəfi imzaladığı məlum üçtərəfli sənədlər çərçivəsində üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməli, o cümlədən Azərbaycan ərazisindəki hərbi qüvvələrini çıxarmalı, Zəngəzur dəhlizinin açılmasına əngəl yaratmamalıdır. Ukraynada fəaliyyət göstərən beynəlxalq təşkilatların yerli ofislərinə Ermənistana götürdüyü öhdıəlikləri yerinə yetirməsi üçün təzyiq göstərmələrinə çağıran məktub göndərmək qərara alınıb.
Tədbirin sonunda UABD rəhbəri Hikmət Cavad müşavirədə iştirak edən millət vəkillərinə göstərdikləri dəstəyə görə UABD və bütövlüklə Azərbaycan diasporu adından təşəkkür edib.
“Təşkilatımız Ukraynanın Ali Radası ilə bundan sonra da əməkdaşlıq edəcək. Xalqlarımız, ölkələrimiz arasındakı əlaqələri daha da dərinləşdirmək üçün əlimizdən gələni əsirgəməyəcəyik” – deyə o, qeyd edib.
Xatırladaq ki, daha əvvəl bu cür tədbir Lviv şəhərində keçirilib.