“15 sentyabr kimi tarixlərin böyük Zəfərdən sonra qeyd edilməsi xüsusilə əlamətdar hadisədir”
Bu gün Bakının erməni-bolşevik işğalından azad edilməsinin 104-cü ildönümüdür. Tarixin 200 illik arxivinə nəzər salsaq, bu iki əsrlik zaman kəsiyində ermənilərin Azərbaycan xalqına qarşı etnik təmizləmə, soyqırımı siyasətinin onlarla örnəyini görəcəyik. Hansı ki, erməni xisləti bu gün də simasını dəyişməz olaraq qalır. Dəyişməyən digər bir şey isə Türkiyə-Azərbaycan qardaşlığıdır. 15 sentyabr 1918-ci ildə olduğu kimi bu gün də Türkiyə müstəqil və güclü Azərbaycan dövlətinin haqq savaşında qardaşından öz dəstəyini əsirgəmir. Mövzu ilə bağlı Milli Məclisin deputatı Vahid Əhmədov “Report”a bildirib ki, 15 sentyabr - Bakının erməni-bolşevik işğalından azad edilməsi Azərbaycan tarixində əlamətdar gündür: “O zaman Bakının azad edilməsi uğrunda mübarizə aparılırdı, bu gün isə Azərbaycan bayrağı bütün işğaldan azad edilmiş ərazilərdə dalğalanır”. Bunun böyük bir qələbə olduğunu xatırladan deputat vurğulayıb ki, 15 sentyabr kimi tarixlərin böyük Zəfərdən sonra qeyd edilməsi xüsusilə əlamətdar hadisədir. Onun sözlərinə görə, bütün bunlara baxmayaraq, uzun illər ərzində erməni fitnəsi, təcavüzkarlığı, bir sözlə Ermənistanın xisləti dəyişməz olaraq qalır: “Ermənistan tərəfi bu gün də Azərbaycana qarşı təxribatlar törətməyə davam edir. Amma Ali Baş Komandan başda olmaqla müzəffər ordumuz düşmən təxribatlarının qarşısının alınmasında cəsarətli addımlar atır. Hesab edirəm ki, çox yaxın dövrdə Xankəndidə, Xocalıda və Xocavənddə də Azərbaycan bayrağı dalğalanacaq. Məlum olduğu kimi, son təxribatlar nəticəsində Azərbaycan Ordusu 50 şəhid verib. Ona görə də, Bakının işğaldan azad edilməsi yüksək səviyyədə qeyd olunmur, lakin bu günün Azərbaycan tarixindəki əhəmiyyəti dəyişməz olaraq qalacaq”.
© Oxu.az