17:48
29 01 2021

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ili zərərlə baş vurdu

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi öz fəaliyyətinin müstəqil surətdə yoxlanılması üçün kənar auditor cəlb edib.
Bu barədə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb. 
Nizamnamənin tələbini rəhbər tutaraq Agentlik 2019-cu il üzrə illik maliyyə hesabatının auditini “böyük dördlüyə” daxil olan audit şirkətlərindən biri olan “PwC Azerbaijan” MMC-yə həvalə edib.  
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğun olaraq konsolidə edilmiş maliyyə hesabatlarına dair kənar auditor rəyi Agentlik tərəfindən rəsmi internet səhifəsində yerləşdirilib. 
Agentliyin əsas əməliyyat gəlirləri yığılmış icbari tibbi sığorta haqları hesab edilir və 2019-cu ildə sığortahaqlarının yığımı həyata keçirilmədiyindən, həmçinin dövlət büdcəsindən daxil olan vəsaitin gəlir kimi tanınmaması səbəbindən audit rəyinə əsasən, 2019-cu ildə zərər qeydə alınıb.
Eyni zamanda həmin dövr ərzində icbari tibbi sığortanın tətbiq olunduğu ərazilərdəki tibb müəssisələrində çalışan tibb və qeyri-tibb heyətinin əməkhaqlarında və bonuslarında artım olub.
Əlavə olaraq həmin tibb müəssisələrinin maddi-texniki bazası gücləndirilib.
2019-cu ilin gəlirləri cəmi 1 milyon 874 min manat olub ki, buraya baza zərfi ilə əhatə olunmayan tibbi xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər və azadolmalardan əldə edilən vəsait aiddir.
Hesabatda qeyd olunduğu kimi, 2019-cu ildə pilot ərazilərdəki vətəndaşların istifadə etdiyi tibbi xidmətlərin maya dəyəri 35 milyon 776 min manat, Agentliyin ümumi və inzibati xərcləri 22 milyon 961 min manat təşkil edib. 
Qeyd edək ki, icbari tibbi sığortanın 2019-cu ildə pilot layihə kimi tətbiq olunduğu ərazilərdə (Mingəçevir şəhəri, Yevlax və Ağdaş rayonları) baza zərfi çərçivəsində 343 min 800 sakinə tibbi xidmətlər ödənişsiz təqdim edilib. Həmin dövr ərzində icbari tibbi sığorta haqları toplanılmayıb. Bu da öz növbəsində hesabatda xərclərin gəlirləri üstələməsinə təsir edən vacib amillərdən biridir. 

NEWS FEED