Təhsil işçilərinin vəzifə maaşlarına iki misli məbləğində əlavələr ediləcək
“Təhsil Nazirliyi işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə həmin Nazirliyin hesabına köçürülən vəsaitdən istifadə qaydası”nda nazirlik işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə qurumun hesabına köçürülən büdcədənkənar vəsaitdən istifadə qaydası müəyyənləşib.
Bununla bağlı Nazirlər Kabinetinin qərarında deyilir.
Büdcədənkənar vəsait işçilərin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə aşağıdakı istiqamətlər üzrə xərclənir:
- İşçilərin kollektiv və fərdi qaydada mükafatlandırılması
- İşçilərin vəzifə maaşlarına əlavələrin verilməsi
- İşçilərə maddi yardımın göstərilməsi
İşçilərin kollektiv mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:
- İşlərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsi
- Mühüm dövlət tapşırıqlarının vaxtında yerinə yetirilməsi
- Qanunla müəyyən edilmiş bayram günləri ilə, həmçinin, digər əlamətdar hadisələrlə əlaqədar
İşçilərin fərdi mükafatlandırılması aşağıdakı hallarda həyata keçirilir:
- Vəzifə təlimatında nəzərdə tutulan vəzifələrin vaxtında və peşəkarlıqla yerinə yetirilməsi, səmərələşdirici təkliflər verilməsi, təşəbbüskarlıq göstərilməsi, işdə yeni forma və metodların tətbiqi
- Rəhbərliyin tapşırıqlarının vaxtında və keyfiyyətlə yerinə yetirilməsi
- Normativ hüquqi aktların layihələrinin hazırlanmasında fərqlənmə.
İşçilər xüsusi əhəmiyyətli vacib tapşırıqların, mürəkkəb işlərin yerinə yetirilməsi ilə əlaqədar, həmçinin layiqli işinə görə bayram və digər əlamətdar günlərdə fərdi qaydada (birdəfəlik) mükafatlandırıla bilərlər.
- Verilən mükafatların məbləği aylıq vəzifə maaşının iki mislindən çox olmamaq şərtilə müəyyən edilir.
- İşçilərin fərdi mükafatlandırılması məqsədilə vəsait qiymətli hədiyyələrin alınmasına da xərclənə bilər.
- İşçilərin fərdi mükafatlandırılması əmrlə rəsmiləşdirilir.
- İşçilərə aylıq vəzifə maaşlarının iki mislindən çox olmamaqla vəzifə maaşlarına əlavələr verilir.
- Aylıq vəzifə maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayın 20-dək, dekabr ayı üçün isə həmin ayın 25-i (dekabrın 25-i qeyri-iş gününə düşdükdə növbəti iş günü) həyata keçirilir
Vəzifə maaşına əlavə aşağıdakı günlər üçün hesablanmır:
- İşçinin əmək məzuniyyətində olduğu günlər, əmək qabiliyyətini müvəqqəti itirdiyi, həmçinin, hamiləliyə və doğuşa görə məzuniyyətdə olduğu günlər
- İşçinin ödənişli yaradıcılıq və təhsil məzuniyyətində, qismən ödənişli sosial məzuniyyətdə və ödənişsiz məzuniyyətdə olduğu günlər.
- İşçilərə maddi yardımın verilməsi əmrlə rəsmiləşdirilir.
Büdcədənkənar vəsaitlərin uçotu “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq həyata keçirilir.