19:17
11 12 2020

Prezident tapşırıq verdi: Bakıya 320 yeni avtobus alınır

“Son beş ildə paytaxtın avtobus parkının 40 faizi yenilənib. Cənab Prezidentin tapşırığı ilə ötən müddətdə 603 ədəd orta və iritutumlu müasir sərnişin avtobus alınaraq, Bakı şəhərinin marşrut şəbəkəsində istismara buraxılıb. Bu il üçün isə daha 115 ədəd avtobus alınıb ki, artıq onlarında 80 ədədi Bakıdadır. Doqquz metrlik 35 ədədi yaxın vaxtlarda gətiriləcək”. 
Bununla bağlı Bakı Nəqliyyat Agentliyinin yaydığı məlumatda deyilir.
Qeyd edilib ki, köhnə və istismar müddətini başa vuran avtobuslar xətlərdən çıxarılaraq yeni, sərnişindaşıma tələblərinə tam cavab verən avtobuslarla əvəz edilir:
“Tədricən şəhərin mərkəzi ilə yanaşı ətraf kənd və qəsəbələr üzrə də vətəndaşlara keyfiyyətli ictimai nəqliyyat xidmətləri göstərilir. Gündəlik təxminən 360 min nəfərdən artıq sərnişin yeni və müasir avtobuslardan istifadə edir.
Dövlət başçısının müasir avtobusların alınması ilə bağlı tapşırığına uyğun olaraq, daha 320 ədəd orta və iritutumlu avtobus alınacaq. Bununla bağlı dekabrın 10-da Azərbaycan və Türkiyə Prezidentlərinin iştirakı ilə təşkil olunan mərasimdə Bakı Nəqliyyat Agentliyi ilə qardaş ölkənin “BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında müqavilə imzalanıb. 
170 ədədi doqquz, 150-ədədi isə 12 metrlik olacaq bu avtobuslar sərnişindaşıma tələblərinə tam cavab verir. Yeni müasir və rahat doqquz metrlik avtobusların gətirilməsi xüsusi ilə daha çox kənd və qəsəbələr üzrə müasir sərnişindaşıma xidmətləri ilə göstərməyə imkan verəcək. 
Avtobus parkının yenilənməsi pandemiya dövründə şəhər nəqliyyatının dayanıqlığını da təmin edib. Xüsusi ilə avtobus parkında 18 metrlik avtobusların olması səhər və axşam pik saatlarında sərnişin axının idarə olunması baxımından əhəmiyyətlidir”.

NEWS FEED