Fermerlərə ödənilən subsidiya həcmi açıqlanıb
2020-ci il ərzində 407 min 298 fermerə 232 milyon 92 min manatdan artıq əkin subsidiyası ödənilib.
Kənd Təsərrüfatı Nazirliyindən verilən məlumata əsasən, əkin subsidiyası 1,3 milyon hektara yaxın sahədə aparılmış payızlıq, yazlıq və çoxillik əkinlərə görə ödənilib.
38 fermer isə təkrar qarğıdalı əkininə görə 1 milyon 828 min manat subsidiya alıb.
Ötən müddət ərzində 37 min 807 fermerin Fermer Kartına 6 milyon 643 min 700 manat heyvan subsidiyası köçürülüb. Eləcə də, 22 min 185 arıçı bəslədikləri arı ailələrinə görə 5 milyon manatdan çox subsidiya alıb. Həmçinin, 4 min 955 kümçüyə 2,2 milyon manata yaxın barama subsidiyası ödənilib.
Pambıq, şəkər çuğunduru, quru və yaş tütün istehsal etmiş 19 min fermer məhsul subsidiyası üçün müraciət edib. Bu fermerlərə 34 milyon manat məhsul subsidiyası ayrılıb.
Toxum subsidiyası üçün müraciət edən toxumçular 75 min ton məhsul satdıqlarını bəyan ediblər. Onlara 5,5 milyon manat subsidiya məbləği hesablanıb.
Qeyd edək ki, hazırda 2020-ci ilin payızlıq əkinləri üzrə fermerlər əkin bəyanlarını EKTİS-ə daxil edirlər. Məhsul və toxum subsidiyaları üzrə ödənişlər davam edir. Subsidiya Şurası 2021-ci il üçün subsidiya əmsallarını və kvotaları təsdiqləyib.