Rusiya Azərbaycan müəssisələrindən birindən pomidor idxalına icazə verdi
“Rosselxoznadzor” (Rusiya Federasiyasının Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti) dekabrın 16-dan etibarən Azərbaycanın Xızı bölgəsində “Aqroterm” MMC tərəfindən yetişdirilən pomidorların Rusiyaya idxalına icazə veriləcəyini açıqlayıb.
Bu barədə “RİA Novosti” məlumat yayıb.
Qurum belə bir qərarın respublikanın Qida Təhlükəsizliyi Agentliyi ilə dekabrın 9-dan 14-dək baş tutan üç turdan ibarət danışıqların nəticəsində verildiyini açıqlayıb.
Bu görüşlərdə Azərbaycan nümayəndələri pomidor və almalarda zərərvericilərin aşkarlanması halları ilə bağlı aparılan araşdırmaların nəticələrindən bəhs ediblər.
“Azərbaycanın daha iki istixana təsərrüfatının məhsullarının idxalına icazə verilməsi məsələsi müzakirə mərhələsindədir. Bu istiqamətdə ölkənin səlahiyyətli orqanları ilə iş davam edir”, - deyə qurumdan bildirilib.