06:22
19 08 2021

Yeni araşdırma: Marsda həyat planetin üstündə yox, altında ola bilər

Marsda araşdırma aparan alimlər həyatın Qırmızı planetin üstündə yox, altında olması qənaətinə gəliblər.
Bu barədə “Astrobiology” elmi jurnalında məlumat verilib.
Qeyd edilir ki, radioaktiv elementlər yerin dərinliklərində su molekullarını parçalayaraq yeraltı həyatı qidalandıra biləcək maddələr istehsal edirlər.
Məsələn, radioliz adlanan bu proses milyonlarla ildir ki, yer üzündəki təcrid olunmuş, su ilə dolu yerlərdə və qaya aralarında bakteriyaları qidalandırıb.
Bildirilir ki, toz fırtınaları, kosmik şüalar və günəş küləkləri Qırmızı planetin səthini məhv edir. Bu, həyat üçün əlverişsiz mühit yaradır. Ancaq yeni araşdırmalara görə, bəzi canlılar səth altında sığınacaq tapmış ola bilər.
NASA-nın JPL alimi (Jet Propulsion Laboratory) Cessi Tarnas bildirib ki, Marsda planetin alt hissəsini araşdıraraq orada həyatın olub-olmadığını öyrənmək mümkündür.
Bu gün planetin ən yaxşı səthaltı nümunələri Yerə düşən Mars meteoritləridir.
Alimlər bu məqsədlə Mars meteoritlərini araşdırıblar və bu nəticəyə gəliblər ki, Marsda su olarsa, onun səthi altında meydana gələn radioliz milyardlarla il mikroorqanizmləri dəstəkləyə bilər və bu canlılar bu gün də mövcud ola bilər.
Qeyd olunub ki, növbəti araşdırma Qırmızı planetin səthi altında suyun olub-olmadığını öyrənmək olacaq.

NEWS FEED