11:35
23 01 2021

"İmkan verin işləyək" - Tünzalə Ağayevadan TƏBİB-ə

Xalq artisti Tünzalə Ağayeva TƏBİB-ə müraciət edib.
O, sosial şəbəkədə paylaşım edərək işsizlikdən şikayətlənib:
"Hörmətli TƏBİB, bütün pandemiya boyu qaydalara riayət edən və "evdə qal" kampaniyasının təbliğatçılarından olan Xalq artisti kimi sizə müraciət edirəm. Qonşu Türkiyə və Rusiya kimi ölkələrin sənətçilərinin pandemiya dövründə bəlli çərçivədə də olsa, fəaliyyətlərini görürük. Nə vaxta qədər bizdə mədəniyyət sahəsinə qarşı qadağalar davam edəcək?! 
Nəzərinizə çatdırım ki, təəssüf əksər Azərbaycan musiqiçilərinin, eləcə də, mənim müəllif
hüquqlarımızın qorunması və hər hansı bir gəlir əldə edilməsi mövzusu yox dərəcəsindədir. Belə reallıqda maddi gəlir və alternativ fəaliyyət şəraiti olmayan vəziyyətdə imkan yaradın ki, biz də digər təcrübədə olduğu kimi, bəlli sayda auditoriyalı konsertlər, tədbirlər edə bilək. Bilirsiniz ki, bu təqdirdə minlərlə insan ağır vəziyyətdən çıxa bilər. Minlərlə musiqiçi sadəcə gündəlik qazancla yaşayır, onlardan artıq dünyasını dəyişənlər də oldu çox yazıq, digərləri də "paramparça" vəziyyətdədirlər. Bununla musiqi mədəniyyəti çox qiymətli sənətçiləri itirə-itirə gedir. Əksər insanlar tərəfindən Azərbaycan tanınmışları haqda olduqca yanlış bir təsəvvür var.
Baxın, başqa ölkələrdə musiqiçi, artist kimi məşhurlaşmaq, çox yaxşı qazanmaq deməkdir: albom, konsert satışı, internetdə rəqəmsal ticarət, müəllif hüquqlarından gələn gəlir həmin məşhurun qazancıdır. Bizim reallıqda sadaladıqlarımın heç biri işləmir, bunun obyektiv və subyektiv səbəbləri var. Hələlik alternativ fəaliyyət imkanları da yoxdur. Bizdə məşhur musiqiçi və artist olmaq iş adamı olmaq demək deyil - o, Allahın verdiyi səs telləri, istedadı, sadəcə sənət bacarığı sayəsində fəaliyyət göstərir. Bir ildir tamamən 100 faiz durğunluq içindədir. Bu vəziyyət musiqi mədəniyyətinə töhfələr verə bilən istedadlı, peşəkarların itkisinə aparır".

NEWS FEED