09:00
19 10 2022

Xoşqədəm Hidayətqızının adından yarım milyonluq dələduzluq

10-dan çox şəxsi müxtəlif yollarla aldadaraq, onların külli miqdarda pulunu ələ keçirən 1996-cı il təvəllüdlü Məmmədov Ayxan İsmayıl oğlunun məhkəmə prosesi başa çatıb.

  Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, A.Məmmədov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Ayxanın dələduzluq yolu ilə ələ keçirdiyi ümumi məbləğ isə yarım milyon manata yaxın olub. O, birinə sosial ev almaq, digərinə iş düzəltməyi, başqa birinin xəstəsini müalicə etdirəcəyi adı ilə külli miqdarda pullar mənimsəyib.

Məhkəmədə ifadəsində 2019-cu ilədək “Xəzər TV”də çalışdığını bildirən Ayxan, dələduzluqlarından bir neçəsini də tanınmış aparıcı Xoşqədəm Hidayətqızının adından istifadə etməklə həyata keçirib. Belə ki, Ayxan bir neçə zərərçəkənə özünü X.Hidayətqızının gah mühafizəçisi, gah da köməkçisi kimi təqdim edib.

Ayxan bu əməlini məhz qonşularına qarşı törədib.

Belə ki, Ayxan qonşusu Mirsədizadə Afaqgildə olarkən televiziyada müxtəlif kanallarda işlədiyini, Xoşqədəm Hidayətqızına 6 000 dollar məbləğində pul lazım olduğunu və 10 gün müddətində 1 000 dollar artığına qaytaracağını bildirib.

Ev sahibi Ayxanın onun evində çörək kəsdiyini, övladlarından ona fərq qoymadığına görə şübhə etməyib və 6 min dolları verib.

10 gün müddətin tamamında ona zəng edərək pulun çatdırılmasını istədikdə isə, Xoşqədəm Hidayətqızının başının ciddi işlərə qarışdığını, heç nədən narahat olmamağı və yaxın vaxtda da pulunu qaytaracağını bildirib.

Aradan 2-3 ay keçdikdən sonra yenidən ona zəng edib pulun qaytarılmasını istədikdə Ayxan, onun telefonuna “Porsche” markalı avtomobilin fotoşəklini göndərərək guya Xoşqədəm xanıma məxsus olduğunu və həmin avtomobilin satışının ona həvalə olunduğunu, yaxın günlərdə avtomobili satan kimi aldığı pulu qaytaracağını bildirib.

2018-ci ilin noyabr ayında Ayxan onun evinə gələrək Xoşqədəm xanımın avtomobilinin satıldığını və vacib işləri üçün ona üç gün müddətinə əlavə 5 500 ABŞ dollarının lazım olduğunu, qaytararkən öz hesabından 300 ABŞ dolları əlavə edəcəyini, üç gün ərzində ona aldığı pulları cəm şəklində qaytaracağına əmin edib. Qonşusu pullarının cəm şəklində qaytarılacağına inanaraq, yaşadığı ünvanda Ayxana əlavə olaraq 5 500 ABŞ dolları məbləğində pul verib.

İki dəfəyə ondan 11.500 ABŞ dolları məbləğində pul alıb vədlər verməsinə baxmayaraq, Ayxan uzun müddət bu pulların qaytarılmasından yayınmağa başlayıb, hətta pandemiyanı bəhanə edərək işlərinin qaydasında getmədiyini, müəyyən çətinliklərin yarandığını, lakin pulları hökmən qaytarılacağını vəd edib. Ayxanın aldatdığı qadın seyid olub.

Ayxan növbəti dələduzluğunda da Xoşqədəm Hidayətqızının adından istifadə edib. O, zərərçəkən İradə adlı qonşusuna Xoşqədəm Hidayətqızına bir həftəyə 17 000 manat pul lazım olduğunu deyərək ondan həmin məbləğdə pul istəyib.

Qadın isə Ayxanın səmimiyyətinə şübhə etməyərək, evinin təmiri üçün topladığı pulu ona verib. Maraqlıdır ki, Ayxan bir həftəyə həmin məbləği sahibinə geri qaytarıb.

Lakin, üç gün sonra yenə zərərçəkənin evinə gələrək Xoşqədəm Hidayətqızı ilə birlikdə “Səni axtarıram” verilişi üzrə çəkilişlə bağlı Türkiyəyə getməyə hazırlaşdıqlarını, Xoşqədəm xanıma 10 gün müddətinə gedib-qayıtmağa 10 000 ABŞ dolları məbləğində pul lazım olduğunu, qayıtdıqdan sonra üstündə əlavə hörmət edəcəyini deyərək qaytardığı 17 000 manat pulun ona verilməsini istəyib. 

Qadın Ayxanın dediklərinə inanıb bir neçə gün əvvəl qaytardığı 17 000 manat pulu ərinin şahidliyi ilə sayıb ona verib. Ayxan pulu alıb getdikdən bir neçə gün sonra zəng edərək Xoşqədəm xanımla Türkiyədə olduğunu deyib onların orada qalması üçün 5 000 manat pul lazım olduğunu bildirərək, həmin məbləği qardaşı və ya anasının vasitəsilə ona göndərilməsini xahiş edib.

Həmçinin danışarkən ona bildirib ki, Xoşqədəm xanımla Türkiyədə gəlirli bir iş həll edib verdiyi pulları artıqlaması ilə əldə edib Bakıda pulları qaytaracaq. Ayxan bu üsulla zərərçəkəndən daha 5 min manat alıb.

Qonşuları Ayxandan pulu geri tələb edən zaman isə, o, Xoşqədəm Hidayətqızının adından mesaj yazaraq onları arxayın salıb. Mesajların mətnində pulların qısa müddət ərzində geri qaytarılacağı qeyd olunub. Vədlərə bir müddət səbir edən zərərçəkənlər, sonda hüquq-mühafizə orqanlarına müraciət ediblər.

Təqsirləndirilən şəxs zərərçəkənlərə qardaşının DTX-da, anasının müəllim, atasının bələdiyyə sədri işlədiyini bildirib.

Məhkəmə zamanı müəyyənləşib ki, Ayxan Məmmədova məxsus bank kartına iki il müddətinə 485 206 (dörd yüz səksən beş min iki yüz altı) manat məbləğində depozit edilib. O, bu məbləğin  139 013,90 manatını çıxarış edib.


© “Qafqazinfo”

NEWS FEED