Daha bir rayonda silah-sursat aşkarlandı - YENİLƏNİB + FOTO
Goranboy Rayon Polis Şöbəsinə Rayonun Goran çayı sahilində silah-sursat olması barədə məlumat daxil olub. Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, polis əməkdaşları həmin ünvana gələrək müvafiq tədbirlər həyata keçirib. Sözügedən əraziyə baxış keçirilən zaman oradan dörd ədəd BP5, 6 ədəd F-1 əl qumbaraları, 200 ədəd 7.62 mm-lik SVD patronları, bir ədəd “Kalaşnikov” markalı avtomat, beş ədəd avtomat darağı və 287 ədəd 7.62 mm-lik avtomat patronu aşkarlanıb. Götürülən maddi sübutlar müvafiq ekspertizaya təqdim olunub, faktla bağlı araşdırmalar davam etdirilir. 08:56 Salyanda və Ucarda silah-sursat aşkarlanıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayonun Kürkənd kəndi ərazisində, Kür çayının sahilindən iki ədəd “İJ” markalı ov tüfəngi aşkarlanaraq götürülüb. Digər məlumata görə, Ucar Rayon Polis Şöbəsinə rayon ərazisində məişət tullantılarının atıldığı ərazidə müxtəlif növ silah-sursat tapıldığı barədə məlumat daxil olub. Məlumatla əlaqədar RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində qeyd olunan ərazidən bir ədəd “TOZ-8” markalı silah, bir ədəd UZRQM partladıcı, 221 ədəd müxtəlif çaplı patron və 23 ədəd müxtəlif növ döyüş sursatının hissələri aşkarlanıb. RPŞ-nin əməkdaşları tərəfindən qanunsuz olaraq saxlanılan odlu silahların aşkarlanaraq götürülməsi istiqamətində keçirilən profilaktiki-nəzarət tədbirləri zamanı isə rayonun Alpout, Qaradağlı və Şahlıq kənd sakinindən ümumilikdə dörd ədəd müvafiq sənədləri olmayan ov tüfəngləri aşkarlanaraq götürülüb. Hər iki faktla bağlı araşdırmalar aparılır.
© oxu.az