17:39
01 09 2023

Xırdalanda özünü binadan atan yeniyetmənin müəllimi danışdı

Dünən Xırdalan şəhərində daha bir yeniyetmə qız intihar edib. Özünü binadan ataraq intihar edən yeniyetmənin Xırdalan şəhər sakini, 13 yaşlı Aydan Natiq qızı Hacıağazadə olması müəyyən edilib. O, 13-cü mərtəbədən özünü ataraq intihar edib. İntiharın baş verdiyi bina yeniyetmənin yaşadığı bina olmayıb. Aydan Hacıağazadənin atası da 2 il öncə intihar edib. 

Hadisənin hansı səbəbdən baş verməsi hələ müəmma olaraq qalır. Bundan əvvəl daha iki intihar hadisəsinin məhz həmin ünvanda baş verməsi, üstəlik canına qıyanların yaşayış yerinin ora olmaması şübhələri daha da artırır.  

Bizim.media-nın araşdırmasına görə ötən gün intihar edən Aydan Hacıağazadə Ənvər İbrahimov adına Qobu qəsəbə 2 nömrəli məktəbin şagirdi olub. Aydanın özündən başqa bir qardaşı da var.  

Məsələ ilə bağlı Aydanın sinif rəhbəri və tarix fənnini tədris edən Şövkət İbrahimova danışıb.

O, məktəb kollektivinin də bu hadisədən şok keçirdiyini deyib: 

“Nənəsi məlumat verib ki, Aydan saat 4-də evdən çıxıb və hazırlığa gedib. Hadisə isə 5-ə qalmış baş verib. Yəni gedib ora çatıb və olay yaşanıb. Heç kimin ağlına gəlməzdi ki, belə bir addım atar. Heç cür ehtimal verə bilmirik ki, görən nə ola bilər? Aydan çox sakit təbiətli, münaqişəsiz və sinif yoldaşları ilə də mehriban biri idi. Oxumağı çox zəif olsa da, yaddaşı, götürümü pis deyildi. Sadəcə dərsə marağı yaranmırdı. Amma oxusaydı və üzərində işləsəydi, yaxşı ola bilərdi.  

Dərsin gedişatına mane olmazdı. İntriqasız və qalmaqalsız biri idi. Heç bir müəllimin onun davranışı və tərbiyəsi ilə bağlı narazılığı yox idi. Biz də eşidəndə şok keçirdik. Bəlkə də başqa uşaqlardan bu addımı gözləmək olardı. Amma ondan yox... Məktəbin psixoloqları müntəzəm olaraq uşaqlarla işləyirlər. Aydanın psixoloji problemi olsaydı, psixoloqlarımız bunu bilərdilər”.   

Şövkət İbrahimovanın sözlərinə görə, Aydan 9-cu sinifdən çıxıb kollecə qəbul olmaq istəyib. Ona görə də hazırlıq kursuna yazılıb: 

“Yay tətilində hazırlığa gedirdi ki, buraxılış fənlərindən nəticə əldə edə bilsin. Ailədaxili məsələdən xəbərim yoxdur. Bildiyim qədər atası dünyasını dəyişib. Ana var və çox da yaxşı qadındır. Övladlarının nədənsə korluq çəkməməsi üçün əziyyət çəkirdi. Aydandan başqa qardaşı var və ana onlara yaxşı baxırdı”. 

Onu da bildirək ki, Aydan Hacıağazadə intihar etməzdən əvvəl məktub yazıb. Hadisə yerinə gələn istintaq qrupu qızın yazdığı məktubu götürsə də, mətni hələ açıqlanmayıb.  

Faktla bağlı araşdırmalar davam etdirilir.  

Onu da əlavə edək ki, bu, son bir həftədə Xırdalanda eyni ünvanda baş verən 3-cü intihar hadisəsidir. İntihar edənlərin hamısı yeniyetmə qız olub. 

NEWS FEED