Zeynəb Xanlarovanın bacısı oğlunun həbsi ilə bağlı yeni AÇIQLAMA -YENİLƏNİB
Baş Prokurorluq Zeynəb Xanlarovanın bacısı oğlunun həbsi ilə bağlı məlumat yayıb.
Baş Prokurorluğun mətbuat xidmətindən "Yayin.Az"a verilən məlumata görə, Türkan qəsəbəsi sakinləri Xumara Şabanova və Əzizəxanım Atayevaya məxsus torpaq sahələrinin saxta sənədlər hazırlanmaqla qanunsuz satılması barədə daxil olmuş müraciətlər əsasında Xəzər rayon prokurorluğu tərəfindən başlanmış cinayət işi üzrə istintaqın davam etdirilməsi Baş Prokurorluğun İstintaq İdarəsinə həvalə edilib.
Həyata keçirilmiş intensiv istintaq tədbirləri ilə Türkan qəsəbəsi sakinləri Daşqın Nəsirov və Çingiz Səfərovun 2019-cu ilin iyul ayında Xəzər rayon İcra Hakimiyyətinin Türkan qəsəbə nümayəndəsi vəzifəsində işləmiş Rahil Babayevi vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə etməyə təhrik edərək qəsəbə sakinləri Əzizxanım Atayevanın və Xumara Şabanovanın ölmələrinə dair saxta sənədlər hazırlamalarına, daha sonra Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinə ünvanlanmış məktublara qeyd olunan şəxslərə məxsus Türkan qəsəbəsi “Bağlar Məscidi” deyilən ərazidə yerləşən bağ sahəsinin guya Türkan qəsəbəsində Xəzər dənizinin sahilində yerləşməsini əks etdirən yalan məlumatlar daxil etmələrinə, bununla da dövlətə məxsus olan orta bazar qiyməti daha yüksək olan torpaq sahəsini və həmin torpaq sahəsinə dair əmlak hüquqlarını dələduzluq etməklə ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.
Çingiz Səfərov və Daşqın Nəsirov Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq yolu ilə özgə əmlakını külli miqdarda ələ keçirmə), 320.2 (rəsmi sənədləri, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama və ya istifadə etmə) və başqa maddələri ilə, icra nümayəndəsi işləmiş Rahil Babayev isə Cinayət Məcəlləsinin 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin müvafiq qərarları ilə həbs qətimkan tədbiri seçilib.
Hazırda iş üzrə təqsirləndirilən şəxslərin dairəsinin tam müəyyənləşdirilməsi istiqamətində kompleks istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, D.Nəsirov sabiq deputat, Xalq artisti Zeynəb Xanlarovanın bacısı oğludur.
***
12:02
Nəsimi rayon Məhkəməsində sabiq deputat, xalq artisti Zeynəb Xanlarovanın bacısı oğlu Daşqın Nəsirovun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.
APA-nın məlumatına görə, hakim Solmaz Musatafayevanın sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və D. Nəsirov barəsində həbs qətimkan tədbiri seçilib.
***
11:25
Keçmiş deputat, Xalq artisti Zeynəb Xanlarovanın istintaqdan qaçıb gizlənən bacısı oğlu Daşqın Nəsirov saxlanılıb.
APA xəbər verir ki, D. Nəsirov hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində tutularaq istintaqa təhvil verilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya faktı təsdiqləyiblər.
Bildirlib ki, D. Nəsirov ötən gün saxlanılaraq, istintaqa təhvil verilib.
Qeyd edək ki, Daşqın Nəsirov Türkan qəsəbəsində yaşayan 91 yaşlı Xumara Şabanova və 81 yaşlı Əzizəxanım Atayevanın torpaqlarını saxta sənədlərlə satıb.
O bir neçə nəfərlə əlbir olaraq qadınlara sağ ola-ola ölüm kağızı çıxardaraq əmlaklarını mənimsəməkdə ittiham edilir.
D. Nəsirovdan başqa bu iş üzrə Türkan qəsəbə sakini Çingiz Xeyrəli oğlu Səfərov, Xəzər rayon icra başçısının Türkan qəsəbəsi üzrə sabiq icra nümayəndəsi Rahil Babayev də həbs olunub.