12:14
11 09 2025

Bakıda tarixi abidədən qanunsuz istifadə dayandırılıb

Bakıda aparılan yoxlamalar zamanı Yasamal rayonu, Zərgərpalan küçəsi 48 ünvanında yerləşən, dövlət tərəfindən qorunan və yerli əhəmiyyətli memarlıq abidəsi (inventar №3574) olan hamamın qanunsuz istifadə edildiyi aşkarlanıb.

Yayin.az "Report"a istinadən xəbər verir ki, məlumatı Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti yayıb.

Qurumdan bildirilib ki, araşdırmalar zamanı təqdim edilən icarə müqaviləsinin müddətinin bitdiyi müəyyən olunub.

“Qanunvericiliyə əsasən, tarix və mədəniyyət abidələrindən yalnız elmi, mədəni, dini, xidməti və ya turizm məqsədləri üçün istifadə edilə bilər. Belə abidələrin icarəyə verilməsi və özəlləşdirilməsi isə yalnız Dövlət Xidmətinin razılığı ilə mümkündür. Sözügedən sahədən istifadə və icarəyə verilmə prosesi razılaşdırılmadan həyata keçirilib”, – qurumun açıqlamasında qeyd olunub.

Məlumata görə, həmin obyektlə bağlı 01.01.2021-ci il tarixində bağlanmış 8379/505 nömrəli icarə müqaviləsi mövcud olsa da, Bakı Kommersiya Məhkəməsinin qərarı ilə 07.06.2023-cü ildən etibarən müqaviləyə xitam verilib. Buna baxmayaraq, abidədən qanunsuz istifadə davam etdirilib.

Dövlət Xidmətinin həyata keçirdiyi tədbirlər nəticəsində abidədən qanunsuz istifadənin qarşısı alınıb.

NEWS FEED