15:28
17 12 2021

İşğaldan azad edilmiş ərazilərə icazəsiz daxil olan şəxslər saxlanılıb

İşğaldan azad edilmiş, lakin minalardan və digər partlayıcı vasitələrdən tam təmizlənməmiş ərazilərə nəzarət postlarından kənar yollarla keçməyə cəhd göstərən şəxslərin qarşısının alınması istiqamətində polis əməkdaşları və Daxili Qoşunların hərbi qulluqçuları tərəfindən zəruri və təxirəsalınmaz tədbirlər keçirilir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata görə, Tərtər Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində işğaldan azad edilmiş ərazilərə nəzarət postlarından kənar yollarla daxil olan dörd nəfər saxlanılıb. Araşdırmalarla onların rayonun Həsənqaya kənd sakinləri – Ceyhun Abışov, Şahin Abışov, Sənan Həsənov və Məsim Həsənov olduqları müəyyən edilib.
Dəfələrlə edilmiş xəbərdarlıqlara baxmayaraq, minalardan və partlamamış sursatlardan tam təmizlənməmiş ərazilərə daxil olduqlarına görə həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokollar tərtib olunaraq rayon məhkəməsinə göndərilib.

NEWS FEED