18:57
26 04 2021

Bakıda yük kranının aşması nəticəsində baş vermiş ölüm halı ilə bağlı cinayət işi açılıb

Aprelin 26-da saat 16 radələrində paytaxtın Səbail rayonu ərazisində aparılan tikinti işləri zamanı bir nəfər ustanın ölməsi, digərinin isə müxtəlif dərəcəli bədən xəsarətləri alması barədə rayon prokurorluğuna məlumat daxil olub.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib. 
İlkin araşdırmalarla müəyyən edilib ki, “Kristal Abşeron” MTK-nın Səbail rayonu, Q.Abbasov küçəsi 32/34 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasının tikintisi zamanı qaldırıcı qurğunun yerə düşməsi nəticəsində 1984-cü il təvəllüdlü Nəriman Salahov vəfat edib, 1987-ci il təvəllüdlü Aruz Əhmədov isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı Səbail rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. 
Cinayət işi üzrə məhkəmə-tibb və məhkəmə-texniki təhlükəsizlik ekspertizaları təyin olunub, o cümlədən digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.
Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.
17:38
Bakıda tikintidə yükqaldırıcı qurğunun qırılması nəticəsində xəsarət alan şəxsin son vəziyyəti açıqlanıb.
3 saylı Şəhər Klinik Xəstəxanasından (Sabunçu) məlumat verilib.
Bildirilib ki, xəsarət alan 1983-cü il təvəllüdlü Ariz Əhmədovdur:
“Ona qabırğanın sınığı diaqnozu qoyulub və yaralı xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Vəziyyəti ağır qiymətləndirilir”.
© Oxu.Az
16:17
Bakıda tikintidə yükqaldırıcı qurğunun qırılması nəticəsində faciə baş verib.
Trend-in məlumatına görə, hadisə paytaxtın Səbail rayonu, Neftçi Qurban küçəsi 29 ünvanında qeydə alınıb.
Çoxmərtəbəli binanın tikintisi zamanı ərazidə yuxarı mərtəbəyə yük qaldıran qurğunun trosu qırılıb. Hadisə nəticəsində qurğuda olan fəhlələrdən bir nəfər ölüb, bir nəfər isə ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.

NEWS FEED