01:50
28 01 2021

COVID-19 simptomlarını gizlədən qadın həbs olundu

ABŞ-dan Çinə uçuş əsnasında COVID-19 əlamətlərini gizlətmək üçün iltihab əleyhinə dərmanlar qəbul edən çinli qadın Pekin məhkəməsi tərəfindən bir il müddətinə azadlıqdan məhrum edilib. O, yoluxucu xəstəliklərin qarşısının alınmasına və müalicəsinə mane olmaqda təqsirli bilinib.
Məlumata görə, Li Na son bir neçə ili Massaçusettsdə yaşayıb və ABŞ-ın “Biogen” əczaçılıq şirkətində çalışıb. Ancaq bir çox həmvətəni kimi, pandemiya zamanı o da Çinə dönməyə və xəstəliklə mübarizədə ölkəsinə kömək etməyə qərar verib.
Uçuşa bir neçə gün qalmış 37 yaşlı qadın özünü pis hiss edib. Ancaq o, həmkarlarından birinə koronavirus diaqnozu qoyulmasına baxmayaraq, biletləri qaytarmayıb. Hətta yoluxma əlamətlərini gizlətmək üçün təyyarəyə minməzdən əvvəl qızdırma salan dərmanlar qəbul edib və Boston - Los- Anseles - Pekin marşrutu ilə vətəninə yollanıb.
Gördüyü tədbirlərə baxmayaraq, Pekin Beynəlxalq Hava Limanına endikdə onun sağlamlıq problemləri aşkar edilib. Bir neçə gündən sonra isə Linin koronavirus diaqnozu təsdiqlənib. Beləliklə, o və ünsiyyətdə olduğu 63 nəfər təcridə yollanıb.

© Pravda

NEWS FEED