İranlı deputatdan xəbərdarlıq: "AEBA müfəttişlərini qovacağıq"
“ABŞ bu il fevralın 21-dək İrana tətbiq etdiyi sanksiyaları aradan qaldırmasa, Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) müfəttişlərini ölkəmizdən deportasiya edəcəyik”.
“Yayin.Az” “Mehr”ə istinadən xəbər verir ki, bunu İran parlamentinin rəyasət heyətinin üzvü, deputat Əhməd Əmirabadi yanvarın 9-da televiziyadakı çıxışı zamanı bildirib.
“Biz amerikalılara bir ay vaxt veririk. ABŞ-ın yeni prezidenti Cozef Bayden yanvarın 21-də vəzifəsinin icrasına başlayacaq. O, tətbiq edilən sanksiyanı, özəlliklə maliyyə, bank və neft sahələrindəki məhdudiyyətləri fevralın 21-dək aradan qaldırmazsa AEBA-nın müfəttişlərini ölkədən qəti olaraq qovacağıq. İran öz maraqlarını müdafiə edə bilər. Bu, İran qanunudur, hökumət isə bunu icra etməlidir.
ABŞ sanksiyaları ləğv etməzsə, öhdəliklərimizi yerinə yetirmək üçün heç bir səbəb görmürük”, - deputat bildirib.
Qeyd edək ki, İran parlamenti sanksiyalarla strateji mübarizə haqqında qanun layihəsini 2020-ci ilin dekabrında qəbul edib.