İran prezidenti uzun illərdən sonra ilk dəfə Səudiyyə Ərəbistanına səfər edib
İran Prezidenti Seyid İbrahim Rəisi Səudiyyə Ərəbistanına səfər edib. İran prezidenti Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda təşkil olunacaq 8-ci Fövqəladə İslam Zirvə Toplantısında iştirak edəcək. Qeyd olunur ki, bu səfər ölkələr arasında münasibətlərin bərpasından sonra İran prezidentinin Səudiyyə Ərəbistanına ilk səfəridir. Xatırladaq ki, Ər-Riyad və Tehran arasında münasibətlər 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə “Ənsar Allah” hərəkatına (husilərə) qarşı hərbi əməliyyata başlaması ilə pisləşib. 2016-cı ilin yanvarında Səudiyyə Ərəbistanında din alimi Şeyx ən-Nimrin edam edilməsi nəticəsində Səudiyyə Ərəbistanının Tehrandakı səfirliyinə və onun Məşhəddəki konsulluğuna hücum olub. Məhz bu hadisədən sonra Ər-Riyad Tehranla bütün diplomatik əlaqələri kəsib. Yalnız yeddi ildən sonra ölkələr arasında diplomatik münasibətlər bərpa edilib.
© Tasnim