Rusiyada səfərbərliyə qarşı aksiyalarda mindən çox şəxs saxlanılıb
Rusiyada səfərbərliyə qarşı keçirilən aksiyaya görə 1026-dan çox adam saxlanılıb. Bu barədə “OVD-İnfo” hüquq-müdafiə təşkilatı məlumat yayıb. Hüquq müdafiəçilərinin bildirdiyinə görə, həbslər 38 şəhərdə aparılıb. Saxlanılanların əksəriyyəti Moskva (394 nəfər), Sankt-Peterburq (376 nəfər) və Yekaterinburqda (40 nəfər) olub. Xatırladaq ki, Prezident Vladimir Putin sentyabrın 21-də Rusiyada qismən səfərbərlik elan edib. Bundan sonra ölkənin demək olar ki, bütün şəhərlərində etirazlar başlayıb. 21:16 Rusiyanın müxtəlif şəhərlərində səfərbərliyə qarşı etiraz aksiyaları keçirilir. Sosial şəbəkələrdə yayılan məlumatlara görə, belə tədbirlər paytaxt Moskva ilə yanaşı, Sankt-Peterburq, Yekaterinburq, Tver kimi şəhərlərdə təşkil olunub. Etirazçılar “Müharibəyə Yox!” şüarı səsləndirirlər. Bildirilir ki, təhlükəsizlik qüvvələri mitinqlərdəki fəalları həbs edir, həmçinin aksiyaları dağıtmaq məqsədilə onların iştirakçılarına qarşı zorakı üsullar tətbiq edirlər. Son məlumatlara görə, hazırda saxlanılanların sayı yüzlərlə ölçülür.