00:25
17 12 2021

Britaniyadan İrana ultimatum: 20 gün vaxt verildi

Britaniya, Kanada, Ukrayna və İsveç İran hakimiyyətini Tehran yaxınlığında vurulan “Boeing” təyyarəsinə görə Ukrayna Beynəlxalq Hava Yollarına (UİA) təzminat ödəmək üçün danışıqlara başlamağa çağırıb.
Bu barədə təyyarənin göyərtəsində vətəndaşları olan ölkələrin birgə bəyanatında bildirilib. Sənəd Britaniya Xarici İşlər Nazirliyi tərəfindən yayılıb.
Bəyanatda qeyd olunub ki, sənəddə əks olunana tələb yerinə yetirilməzsə, İslam Respublikası Beynəlxalq Məhkəməyə verilə bilər.
“İran İslam Respublikasının bu məsələni müəyyən zaman çərçivəsində konstruktiv şəkildə həll etmək istəmədiyini nəzərə alaraq bildiririk ki, İranın danışıqlara başlamaq istəyini təsdiqləmək üçün 2022-ci il yanvarın 5-dək vaxtı var. İrandan ödənişlər üzrə razılığa gəlmək cəhdləri faydasız olacağı təqdirdə koordinasiya qrupu bu problemin beynəlxalq hüquq çərçivəsində həlli üçün digər variantları ciddi şəkildə nəzərdən keçirməli olacaq”, - Britaniya Xarici İşlər Nazirliyi bildirib.
Həmçinin, vurğulanıb ki, fəlakətdən iki ilə yaxın vaxt keçsə də, bu müddət ərzində İran öz beynəlxalq hüquqi öhdəliklərinə əməl etməkdə maraqlı olmayıb. “Koordinasiya qrupunun səbri tükənmək üzrədir. Qrup fəlakətin qurbanlarının yaxınları ilə İran İslam Respublikasının 176 günahsız insanın ölümünə səbəb olan mülki şəxslərin və hərbçilərin hərəkətlərinə, yanlış hesablamalarına görə məsuliyyət daşıması məsələsində həmrəydir”, - bəyanatda deyilir.
Xatırladaq ki, Ukrayna Beynəlxalq Hava Yollarının PS752 (Boeing 737-800) reysi 8 yanvar 2020-ci ildə Tehran hava limanından Kiyevə yola düşdükdən qısa müddət sonra qəzaya uğrayıb. Ölən 176 nəfər arasında İran, Ukrayna, Kanada, Böyük Britaniya, Almaniya, İsveç və Əfqanıstan vətəndaşları var. Yanvarın 11-də İran hərbçiləri hərbi obyektin yaxınlığından uçan “Boinq” təyyarəsini “düşmən hədəfi” ilə səhv salaraq vurduqlarını açıqlayıb. Tehran qəzanın səbəbləri ilə bağlı texniki hesabat layihəsini Kiyevə təhvil verib. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bunu fəlakətin əsl səbəblərini gizlətmək cəhdi adlandırıb.
Onu da bildirək ki, iyun ayında İran Ali Məhkəməsinin sözçüsü Qulam Hüseyn İsmaili bəyan edib ki, Tehran Ukrayna təyyarəsinin qəzaya uğraması nəticəsində həlak olanların ailələrinə 150 min dollar məbləğində kompensasiyanı tam ödəməyi planlaşdırır. Bundan əvvəl İsmayıli bildirib ki, təyyarə ilə bağlı insidentdə əli olmaqda şübhəli bilinən şəxslərin məhkəməsi yaxın vaxtlarda İranda keçiriləcək.

© TASS

NEWS FEED