Yaponiyada koronavirusa rekord yoluxma qeydə alındı
Yaponiyada son bir gündə koronavirusa 23 917 yeni yoluxma hadisəsi müəyyən edilib ki, bu da növbəti maksimum göstəricidir.
Əvvəlki rekord ötən həftənin cümə günü qeydə alınıb – 20 293 yoluxma.
Eyni gündə Tokioda 5 773 yoluxma ilə gündəlik maksimum yoluxma sayı yenilənib.
Pandemiyanın başlanğıcından bu yana Yaponiyada 1,2 milyondan çox insan yoluxub, 15.5 mindən çox insan həyatını itirib.
Ölkənin baş naziri Yoshihide Suqa keçirdiyi mətbuat konfransında ölkədə koronavirusun yayılmasına qarşı mübarizədə böhran yaşandığını etiraf edib.
Yaponiya hökuməti infeksiyanın yayılmasının qarşısını almaq üçün avqustun 17-də Tokioda və daha beş prefekturada fövqəladə vəziyyətin sentyabrın 12-dək uzadılmasına qərar verib.
Bundan əlavə, rejim daha da genişləndirilərək yeddi prefekturaya aid edilib. Müvafiq rejim və tədbirlər xüsusilə, iaşə obyektlərində spirtli içki satışının qadağan edilməsini və tamaşaçıların kütləvi tədbirlərə buraxılmasının məhdudlaşdırılmasını nəzərdə tutur.
© NHK telekanalı