Honkonqda əlil idmançı göydələnə dırmanıb
Honkonqda aşağı ətrafların iflicindən əziyyət çəkən idmançı Lay Çi-Vay əlil arabası ilə şəhərin şüşə lövhəli göydələnlərindən birinə dırmanıb.
Onurğa iliyi zədələnmiş xəstələrə pul yığmaq üçün Lay 10 saatdan çox müddətdə 250 metrdən yuxarı dırmanmağı bacarıb. Aksiyada 670.000 ABŞ dollarından çox ianə toplanıb.
Qeyd edək ki, 37 yaşlı alpinist 10 il əvvəl baş verən avtomobil qəzasından sonra iflic olub. Bundan əvvəl o, hündürlüyə dırmanma üzrə dörd dəfə Asiya çempionu, bir dəfə isə dünya 8-cisi olub.
Qəzadan sonra idmançı bədəninin yuxarı hissəsinin gücündən istifadə edərək, əlil arabası ilə hündürlüyə dırmanmağa davam edib. Beş il əvvəl Ley Honkonqda, yerli xalq mədəniyyətində möhkəmliyin və əzmkarlığın rəmzi sayılan Aslan Qayasına dırmanmışdı.